Sərhədləri aşan ABŞ qanunu-DMCA nədir?

Bu yaxınlarda Google axtarış sistemində bir mövzu ilə əlaqədar axtarış etdim və əvvəllər heç rastlaşmadığım bir halla qarşılaşdım: ABŞ Rəqəmsal Minillik Müəllif Hüquqları Aktına əsasən axtarışın nəticələri məhdudlaşdırılmışdı; məlumat bazasında olan nəticələrdən cəmi 10-una giriş etmək hüququm var idi, daha geniş məlumat almaq üçün yenidən axtarış etməli idim. Bu məsələ diqqətimi cəlb etdiyi üçün qərara gəldim ki, elə bloqumun ilk yazısı olaraq ABŞ Rəqəmsal Minillik Müəllif Hüquqları Aktı barədə paylaşım edim.

Günümüzdə informasiyanın demək olar ki 99%-ni internet platformalarından əldə edirik. Bu informasiya hovuzunda üzən məlumatların hamısının müəyyən hüquqi şərtlərə cavab verib-verməməsi hamımızı maraqlandıran mövzudur. Ən çox üzləşdiyimiz problemlərdən biri, film izləmək istədikdə qarşımıza çıxan saysız-hesabsız reklamlardır. Az qala həyatımızı tamamilə işğal edən bu reklamlar  filmi yayımlayan sayt sahiblərinə və sayt üzərində reklamı yayımlanan şirkətlərə hər dəqiqəsində pul qazandırır. Əlbəttə məmnun olan tərəf sayt sahibləridir. Əksər hallarda reklamları bağlamaq işimizə yarayır, ancaq reklamın məzmunu insan hüquqlarına zidd olduğu təqdirdə, məsələn qeyri-əxlaqi olduğu və ya zorakılığı təbliğ etdiyi halda istifadəçi nə edə bilər? Hüquqi aspektdə bu problem necə aradan qaldırıla və ya məhdudlaşdırıla bilər? Əksəriyyət internet məkanının sərhədsiz olduğuna görə bununla mübarizə aparmağın mümkünsüz olduğunu düşünür. Bütün bunlara  ABŞ Rəqəmsal Minillik Müəllif Hüquqları Aktı (bundan sonra: Digital Millennium Copyright Act) aydınlıq gətirir.

Akt 1988-ci ildə  qəbul edildi və internet məkanında müəlliflik hüququnun qorunmasını təmin edir (Haşiyə olaraq akt Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 1996-ci il tarixli iki müqaviləsini özündə unifikasiya edir). Aktın özəlliyi ondadır ki, müəllif hüququ ilə qorunan əsərlərə girişə nəzarət tədbirlərini aradan qaldırmağa yönəlmiş texnologiya, cihaz və ya xidmətlərin istehsalı və paylanmasını cinayət hesab edir. Bu akt onlayn xidmət göstərən provayderləri birbaşa və ya dolayı yolla törədilən müəllif hüquq pozuntularından azad edir. İSP (İnternet servis provayderleri) müəllifdən DMCA bildirişi aldığı təqdirdə kontenti silərsə, məsuliyyətdən azad edilir.

Əgər siz bloq müəllifisinizsə, paylaşdığınız kontentin (şəkil, film, musiqi, məqalə və s.) DMCA vasitəsilə qorunmasını təmin edə bilərsiniz. Bunun üçün siz DMCA-yə üzv olmalısınız, bu halda saytınız və ya bloqunuzun kontenti avtomatik olaraq qorunma altına alınır. Məqsəd başqa şəxslər tərəfindən sizin müəllifi olduğunuz əsərləri qanunsuz istifadəsi, paylaşılmasının qarşısını almaqdır. Bunun üçün DMCA sistemində Takedown funksiyası mövcuddur. Məsələn, siz yaratmış olduğunuz  əsərin başqa saytda icazəniz olmadan yayımlandığını görsəniz, həmin kontentin saytın sistemindən çıxarılmasını tələb edə bilərsiniz. Bu halda siz müəllif hüquq pozuntusu barədə DMCA bildirişi göndərə bilərsiniz.

Bildiriş göndərməklə materialın sistemdən silinməsi, ona çatımlılığın məhdudlaşdırılması, istifadəçinin sistemdən çıxarılması da mümkündür. DMCA bildirişi aldığınız təqdirdə isə kontenti silməniz daha məqsədə müvafiq olacaqdır. Çünki DMCA bildirişi göndərən əsər sahibi təzminat ödənilməsinə dair iddia da qaldıra bilər.

Fikrimizcə, DMCA-nin ən mənfi cəhəti onun fair use-un, yəni kontendən ədalətli isitifadəni məhdudlaşdırmasıdır. Bəzən kontent müəllifi olmayan şəxslər də  DMCA bildirişi göndərərək kontentin götürülməsinə nail olur. 

DMCA-nin özəllliyi ondadır ki, o, ABŞ-da qəbul edilməsinə baxmayaraq onun hüquqi qüvvəsi bütün internet məkanına şamil edilib. Sözün əsl mənasında bu qanun ”sərhəd tanımır”. Yəni Azərbaycan vətəndaşı olan istifadəçi də, ABŞ vətəndaşı olan istifadəçi də DMCA-nin şərtlərinə eyni dərəcədə riayət etməyə borcludur. Çünki əksər hallarda Youtube və Google üzərindən yayımlanan materiallar DMCA ilə qorunur və bu şirkətlərin baş ofisi ABŞ-da yerləşir.

Göründüyü kimi, DMCA İSP və əsərinin müəllifinin maraqlarına xidmət etməklə virtual dünyada müəllif hüquq pozuntularının qarşısını qismən almış olur. DMCA müəllif adından hosting və datacenterlə əlaqə saxlayıb, rəsmi yazışmaları həyata keçirir və xidmət müqabilində ödəniş tələb olunur.

Əksər sosial platformalar DMCA vasitəsilə özlərini əvvəlcədən “hüquqi çətir” altına alırlar. Hələ ötən ilin dekabrında məşhur Metallica qrupunun Twitch sosial platformasında canlı yayımlanan konsertinə tətbiq edilən senzura böyük səs-küyə səbəb olmuşdu və istifadəçilər tərəfindən narazılıqla qarşılanmışdı. Sonradan Twitchin verdiyi rəsmi açıqlama belə oldu ki, ”Müəllif hüququna sahib olmadığınız musiqiləri canlı yayında ifa etməyin”. Başıbəlalı Twitch gündən-günə artan DMCA bildirişlərinin qarşısını almaq məqsədilə bəzi müəlliflər videolarını sistemdən silmək məcburiyyətində qaldılar (videoya bu linkdən baxa bilərsiniz https://twitter.com/i/status/1362901765029527553).

Sonda əgər zəhmətinizin boşa  getməsini istəmirsinizsə, bloqunuzu https://www.dmca.com/ saytından qeydiyyatdan keçirərək qoruya bilərsiniz. Qeyd edim ki, xidmətdən pulsuz (tək nəfərlik) və pro (ödənişli) formada istifadə edə bilərsiniz.

“Sərhədləri aşan ABŞ qanunu-DMCA nədir?” üçün 4 şərh

iplaw.com üçün bir cavab yazın Cavabı ləğv et