Patent hüququnda məcburi lisenziya: inhisarçılığı məhdudlaşdırmaq cəhdi

Patent hüququ əqli mülkiyyət hüquqları içərisində zamanla daha çox müzakirə mövzusuna çevrilən, özünün hüquqi təbiətinə görə daha çox “inhisarçı” xarakterdə olan hüquqlardandır. Ümumilikdə, müstəsna hüquqlar əqli mülkiyət hüquqlarının bazasını təşkil etsə də, bu hüquqların təsiri patent hüququnda özünü daha sərt formada büruzə verir. Bu dəfə ölkəmiz üçün aktual olmasa da, dünya çapında, xüsusilə inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələr üçün aktual olan bir məsələdən bəhs edəcəm: məcburi lisenziya.

Patentə malik olmaq 20 illik zaman kəsiyində patentdən istifadəyə icazə vermək və ya ondan qanunsuz istifadəyə mane olmaq deməkdir. Qısacası, patent patentin predmeti olan obyektdən istifadə etmək üçün müstəsna hüquq verir. Bu hüquqlar bəzən “qanuni monopolist” hüquqlar hesab edilir, çünki müəyyən ərazidə innovativ texnologiyanın qanuni sahibi yalnız patent sahibi ola bilir. Bu isə digər şəxslərin həmin obyektdən istifadə etmək üçün patent sahibinə müraciətini və tərəflər arasında razılaşmanın olmasını şərtləndirir. Nəticə etibarilə patent sahibi patentlə bağlı hüquqlarından gəlir əldə etmək istədikdə, üçüncü şəxslər patentin istifadəsinə görə lisenziya müqaviləsi bağlamaldır. Patent sahibi olmayan istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər.

Bu halda lisenziya müqaviləsinə görə patent sahibi (lisenziar) ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa hüquqi və ya fiziki şəxsə (lisenziata) verir. “Müqavilədə nəzərdə tutulmuş həcmdə” ifadəsi patentdən istifadə edəcək şəxsin malik olacağı hüquqların dairəsini müəyyən edir. Məsələn, əgər patentin predmeti dərman vasitəsidirsə, lisenziata həmin dərman vasitəsinin istehsalı, satışı, satış üçün təklif olunması və ya bu məqsədlər üçün idxal hüquqları və ya sadalanan hüquqların bir qrupu verilə bilər.

Yuxarıda patentdən istifadənin patent sahibinin razılığına əsaslandığını qeyd etmişdik, lakin məcburi lisenziyada bu özünü doğrultmur. Belə ki, “Patent haqqında” AR Qanununun 20-ci maddəsinə əsasən patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən 3 il müddətində ixtira, faydalı model və sənaye nümunəsindən üzürsüz səbəbə görə istifadə etmədikdə, istifadəyə ciddi hazırlıq görmədikdə, yaxud istifadəni 3 ildən artıq dayandırdıqda və bu müddət qurtardıqdan sonra lisenziya verməkdən imtina etdikdə, istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilər.

Göründüyü kimi qanunvericiliyin məqsədi bu hüquqi tənzimləmə ilə şəxsiyyət, cəmiyyət və dövlət balansını qorumaqdır. Yəni dövlət bu tənzimləmə ilə patent sahibinin “inhisarçı”lığını yumşaltmağa çalışır, lakin qapalı müəyyən edilmiş əsaslarla. Bu əsaslar dolayısı ilə onu göstərir ki, patent sahibi patent obyektindən istifadə etmək öhdəliyi daşıyır, əks halda məcburi lisenziyanın verilməsi iddiası ilə üzləşəcək.

Düşünmək olar ki, əqli mülkiyyət hüququ şəxsi xarakterli hüquq olduğundan hüquq sahibi hüququndan öz iradəsinə uyğun olaraq istifadə edə və ya etməyə bilər. Lakin patentin sosial funksiyası da göz önünə gətirməklə tənzimləmənin məntiqini anlamaq olur: sanki siz patent sahibi olmaqla sizin sosial öhdəliyiniz də yaranır (bu tənzimləmə Konstitusiyadakı mülkiyyətin sosial öhdəliklərə səbəb olmasına dair 29-cu maddəsini xatırladır). Çünki siz patet üçün müraciət edərkən patentlə bağlı bütün məlumatları açıqlayıb qarşılığında dövlətin hüquqi müdafiəsindən yararlanırsınız.

Burada bir məqamı dəqiqləşdirməliyik ki, məcburi lisenziya patent sahibinin razılığı olmadan patentin digər istifadə hallarından fərqlənir. Yuxarıda qeyd etdiyimiz hal sırf məcburi lisenziyaya aiddir və göründüyü kimi son anda məhkəmə vasitəsilə məcburi lisenziyanın verilməsini nəzərdə tutur.

Patent sahibinin razılığı olmadan digər istifadə halları isə hüquq sahibinin razılığı olmadan patent obyektindən dövlət və ya onun müvəkkil etdiyi şəxslər tərəfindən istifadə hallarını müəyyən edir (bu yazımızın mövzusu olmadığından detalalrına getməyəcəm), lakin məcburi lisenziya hüquqi və ya fizilik şəxslər tərəfindən istifadə hallarını nəzərdə tutur.

Bir məqamı da aydınlaşdırmaq lazımdır ki, patentdə məcburi lisensiyanın verilməsi məsələsi seleksiya nailiyətlərinə münasibətdə mövcuddur. Oxşar əsaslar həmin sahəvi qanunvericilikdə də nəzərdə tutulub.

Məcburi lisenziyanın verilməsi zamanı hüquq sahibinin razılığı alınmasa da, ona ədalətli kompensasiya ödənilir. Əksi hüquq sahibinin demotivasiyasına səbəb ola bilər. Məcburi lisenziya ilə innovasiyalardan cəmiyyətin faydalanması, monopoliya və ya sui-istifadənin qarşısının alınması mümkün ola bilir.

Bir şərh yazın