Keyfiyyət infrasturukturuna dair yazımızın birinci hissəsində (https://tutuip.law.blog/2025/11/01/istehlak-bazarinda-keyfiyy%c9%99t-infrastrurukturu-n%c9%99-d%c9%99r%c9%99c%c9%99d%c9%99-m%c9%99lumatliyiq/ ) standartlaşdırma və texniki tənzimləmədən bəhs etdik, lakin digər 2 halqa barədə danışmasam, ümumi mənzərəni təsəvvür etməkdə çətinlik çəkə bilərsiniz.
Gəlin uyğunluğun qiymətləndirilməsindən başlayaq. Texniki reqlamentdə nəzərdə tutulan mallara dair bu fəaliyyəti “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar (bundan sonra – UQQ) həyata keçirə bilər. Yəni istənilən fiziki və ya hüquqi şəxs deyil, məhz akkreditasiyadan keçmiş şəxslər bu prosesi apara bilərlər. Niyə? Çünki məhsulun texniki reqlamentdə yazılan təhlükəsizlik tələblərinə (kimyəvi, sanitar-gigiyenik, digər təhlükəsizlik meyarları) uyğunluğunu məhz bu sahədə kifayət qədər səriştəli və bilikli şəxslər apara bilər. Akkreditasiya orqanı akkreditasiyanı həyata keçirərəkən UQQ-nin bu cür tələblərə cavab verməsini yoxlayır. Yəni UQQ oyuncağın sınağını aparmaq üçün lazımi maddi-texniki şəraitə, təcrübəli işçiyə, keyfiyyət idarəetmə sisteminə və digər nəzərdə tutulmuş şərtlərə malikdirmi. Sadaladığım tələblər akkreditasiya tələblərində əksini tapır. Qeyd edim ki, bu tələblər beynəlxalq təcrübədə uyğunluğu qiymətləndirilən hər mala münasibətdə fərqli müəyyən edilə bilər. Akkreditasiya edilmiş UQQ hər malın deyil, onun akkreditasiya sahəsində nəzərdə tutulmuş mal(lar)a münasibətdə bu fəaliyyəti həyata keçirə bilər.

Yuxarıda qeyd edilənlərdən aydın olur ki, akkreditasiya prosesi bu sistemdə vacib halqadır, çünki dövlət istehlak bazarında dövriyyəyə buraxılan qeyri-qida mallarının təhlükəsizliyi üçün öhdəliyi təsərrüfat subyektinin üzərinə qoyur, bu öhdəliyin icrası isə (yüksək riskli mallara, yəni məcburi sertifikatlaşdırılmalı mallara münasibətdə) UQQ olmadan mümkün deyil. Akkreditasiya isə bizdə əminlik yaradır ki, UQQ məhsulun uyğunluğunu qiymətləndirməkdə səriştəlidir, bu səriştəlilik isə malın istifadə üçün təhlükəsiz, yəni hər hansı məhsul insanların həyat və ya sağlamlığı, ətraf mühit, əmlak və dövlətin maraqları üçün təhlükə yaratmadığını düşünməyimizə səbəb olur.
Onu da qeyd etmək yerinə düşər ki, UQQ istehsalçıdan müstəqil olan üçüncü şəxsdir. Bu da onun qiymətləndirmə prosesində qərəzsizliyini təmin etmək məqsədi daşıyır.
Bir istehlakçı olaraq biz istehsalçının qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun məhsul istehsal etdiyinə ümid edirik (əksi mülki, inzibati qanunvericiliklə məsuliyyət) doğurur, bu ümidin gerçəkləşməsi UQQ-nin həyata keçirdiyi uyğunluğun qiymətləndirilməsi prosesindən asılıdır. Qeyd etdiyim səbəblər UQQ-nin akkreditasiyadan keçməsinin nə dərəcədə önəmli olduğunu izah edir. Belə ki, onun həyata keçirdiyi prosesin nəticəsində malın tələblərə cavab verməməsi aşkarlanarsa, həmin mala isə uyğunluq nişanı vurula və bazara çıxarıla bilməz.
Akkreditasiya əsasən könüllü xarakter daşıyır, lakin reqlamentdə nəzərdə tutulan malın uyğunluğunu qiymətləndirən UQQ-lərin akkreditasiyası məcburidir, bu da onların fəaliyyətinin risk daşıyan sahə olması ilə bağlıdır. Bu sahədə akkreditasiya edilmədən UQQ uyğunluq sertifikatı və ya digər sənədlər verərsə, məsuliyyətə cəlb edilə və barəsində digər tədbirlər görülə bilər.
Keyfiyyət blokunun axrıncı və nəhəng sahəsi metrologiya – yəni ölçmələr haqqında elmdir. Bu sahə üzrə artıq yazdığım bir bloq olduğundan onun linkini aşağıya yerləşdirirəm:
Ümid edirəm ki, qısa qeydlərimlə bu sahənin önəmini və məzmunu izah edə bildim.
Oxuduğun üçün təşəkkürlər, əziz oxucu!