İstehlak bazarında keyfiyyət infrasturukturu: nə dərəcədə məlumatlıyıq? – I hissə

    Hər nə qədər əqli mülkiyyət hüququna dair kiçik bloqlar yazsam da, bəzən işlədiyim sahə üzrə kolleqalarım və ya istehlakçıların məlumatının az olmasına təəssüf edirəm. Ona görə qərara aldım ki, bu dəfə keyfiyyət infrasturukturunun məzmunu və onun hər birimizin istehlakçı kimi həyatımızdakı rolundan bəhs edim.

    Keyfiyyət bloku özündə 4 böyük sahəni ehtiva edir:

  1. Standartlaşdırma;
  2. Texniki tənzimləmə;
  3. Akkreditasiya və uyğunluğun qiymətləndirilməsi;
  4. Metrologiya.

Yuxarıda qeyd etdiyim sahələrin hər biri biri-birilə elə sıx fəaliyyətdədir ki, canlı orqanizmin bir üzvü hesab etmək olar. Birinin mövcud olmaması və ya hər hansı bir problem digərlərinə də avtomatik təsir edir və bu təsir özünü istehlak bazarında göstərir. İstehlak bazarı dedikdə isə Azərbaycan Respublikasında hər hansı məhsul, xidmət və iş bazarını nəzərdə tuturam. Onu qeyd edim ki, əlavə etdiyim şəkildə 6 sahə nəzərdə tutulub, lakin mən bölgünü ölkəmizdə qüvvədə olan 4 qanuna əsasən aparmışam).

Yuxarıda qeyd etdiyim sahələr qanunvericiliklə geniş tənzimləndiyindən və texniki sahələr olduğundan yazım 2 hissədən ibarət olacaq: birinci hissədə standartlardan və texniki tənzimləmədən bəhs edəcəm.

Standartlar həyatımızın hər bir sahəsində gizlənib: belə ki, marketdən aldığım az qala hər məhsulun hazırlanmasında o tətbiq edilib. Məsələn, aldığınız suyun və ya süd məshullarının üzərində AZS standartını asanlıqla tapa bilərsiniz. Standartlar məhsulun yüksək keyfiyyətdə istehsalına, onun saxlanmasına, qablaşdırılmasına və təchizat zəncirinin digər mərhələrinə dair tələblər nəzərdə tuta bilər, lakin bir məqama toxunmaq lazımdır ki, o normativ hüquqi akt deyil, tətbiqi könüllü olan sənəddir. Yəni hər hansı dondurma istehsal edən şirkət dondurmanı standarta əsasən istehsal etmək istəsə, onun müddəlarına riayət etməlidir, əksi məsuliyyətə səbəb olur. Məsələn, plombir standartın müddəalarına əsasən istehsal edilibsə, üzərindəki yağlılıq faizi və ya benzinin tərkibindəki kimyəvi maddələr və onun keyfiyyətinə dair normalar məhz standarta uyğun olmalıdır.

Onu deyim ki, standartlaşdırma sahəsi ölkəmizdə digər sahələrlə müqayisədə daha dinamikdir və dövlət standartları ilə yanaşı beynəlxalq və regional (ISO) standartların tətbiqinə də şərait yaradılır. Məhz standartların qəbulu və tətbiqi istehsalçılara daha geniş imkanlar verir, nəticədə istehlak bazarında müxtəlif çeşidli və keyfiyyətli məshul dövriyyəsi artır. Digər tərəfdən istehsalçılar bu prosesdə yaxın iştirak etməklə bir növ bazarın inkişafına da töhfə vermiş olurlar.

Texniki tənzimləmə sahəsi – hazırda yeni qurulan bu sistem standartlardan fərqli olaraq məcburi xarakter daşıyacaq. Bu sahədə baza qanunvericilik aktı “Texniki tənzimləmə haqqında” AR-nın Qanunudur. 2019-cu ildə qəbul edilmiş Qanun mərhələli formada texniki reqlamentlərin qəbulunu nəzərdə tutur. Əgər əvvəllər məhsula dair təhlükəsizlik və keyfiyyət tələbləri standartlarla tənzimlənirdisə, texniki reqlamentlərin qəbulundan sonra təhlükəsizlik meyarları reqlamentlərdə əksini tapacaq. Bu nə deməkdir? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nda olan hər məhsula dair texniki reqlamentlər qəbul ediləcək. Onu da vurğulmaq yerinə düşər ki, adıçəkilən Siyahı ancaq qeyri-qida mallarını əhatə edir.

Texniki reqlamentlərin qəbulu və qüvvəyə minməsi istehlakçıların mallara dair etimadının artması, istehsalçı, idxalçı, ticarət nümayəndələri üçün öhdəliklərin və məsuliyyətin yaranması deməkdir. Belə ki, əgər paltar, mebel və ya oyuncaq məhsuluna dair texniki reqlamentlər varsa, həmin məhsula bazara çıxarılanadək artıq uyğunluğu qiymətləndirilməlidir.

Yəni bir istehsalçı kimi paltar istehsalı ilə məşğulsunuzsa, daha diqqətli olmalısınız. Əmin olmalısınız ki, istehsal etdiyiniz paltar texniki reqlamentdə müəyyən edilmiş təhlükəsizlik tələblərinə cavab verir: məsələn, müəyyən kimyəvi maddələr ümumiyyətlə parçada olmamalı, bəzilərinin isə icazə verilən həddini keçməməlisiniz. Məhsulunuzun uyğunluğunu qiymətləndirmək üçün siz akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən quruma müraciət edə və ya onun uyğunluğunu özünüz bəyan edə bilərsiniz (Uyğunluğu qiymətləndirilməsi ilə bağlı digər məsələlər Qanunda detallı tənzimləndiyindən burada qeyd etməyi lazım bilmədim). Həmin qurum sizin məhsulunuzun laboratoriyada sınağını aparmaqla və ya digər üsullarla müəyyən edir ki, reqlamentə uyğundur. Bunun nəticəsində sizə müəyyən təsdiqedici sənədlər verir: məsələn uyğunluq sertifikatı. Bundan siz məhsulunuzu bazara çıxara, satış üçün təklif edə bilərsiniz. Əks halda məsuliyyət tədbirlərini göz önünə gətirməli olacaqsınız.

Sonda onu qeyd edim ki, texniki reqlamentlərin qəbulu məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planı üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Əgər siz də məhsul istehsal edirsinizsə, aşağıdakı sayta keçid etməklə texniki reqlamentlərin ictimai dinlənməsi və müzakirəsində iştirak edə və layihələrin təkmilləşməsinə töhfənizi verə bilərsiniz.

https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi

Vaxt ayırıb bloqumu oxuduğunuz üçün təşəkkürlər!

Bir şərh yazın