İki hobbim bir arada: fotomüsabiqə şərtləri müəllif müqaviləsidirmi?

     Fotoqrafiya: insan ruhunun görə bildiyini başqalarının da görməyini istəməsi üçün bir fəryaddır. Bu fəryad özündə təəssüf ki, həm acını, həm də xoşbəxtlikdən sevinci və sevgini ehtiva edir. Yox, yox, qəmli notlarla başlamaq istəmirəm, lakin fotoqrafiya barədə düşüncəmi ifadə etmədən mövzuya keçid etmək istəmədim.

    Bu dəfəki yazımda 2 əsas hobbim: yazmaq və fotoşəkil çəkməyin (çox sonralar özümdə şəkil çəkmək cəsarətini tapdım) kombinasiyası, daha doğrusu müəlliflik hüququ ilə kəsişdiyi məqam barədə danışacam. Söhbət fotomüsabiqə şərtləri və müəlliflik müqavilələrindən (lisenziyalardan) gedir. Yəqin ki, fotomüsabiqəyə qatılanlar fotomüsabiqə şərtləri ilə qarşılaşıb və bu şərtlərin təqdim edilən fotoların (və ya digər kontentlərin) sonrakı mərhələdə (hüquqi) taleyini həll edə biləcəyindən xəbərdardır. Bəzən bu şərtlər kontent sahibini qane etməyə bilər, lakin əksərən şərtlərdə qeyd edilir ki, müsabiqə komissiyasına foto təqdim etməklə siz müsabiqənin bütün şərtləri ilə razı olursunuz. Doğrusu, bir neçə bu tipli müsabiqədə iştirak etdiyim üçün həmin şərtlər məni də düşündürməmiş deyildi. Bu səbəbələ beynimdə dolaşan suallara cavab tapmağa cəhd edəcəm.

Yazımızda aşağıdakılara cavab tapmağa çalışacağıq:

  1. Müsabiqə şərtlərinin hüquqi qüvvəsi: lisenziyanın etibarlılığı
  2. Müsabiqə şərtlərinə razılaşdığınız təqdirdə sonradan onun etibarsızlığını mübahisələndirmək.

   Aydın təsəvvür yaratmaq üçün aşağıda qatıldığım 2 fotomüsabiqədən şərtləri paylaşıram (müsabiqənin adını olduğu kimi qeyd etməyi lazım bilmədiyim üçün ilk ağlıma gələn başlığı şərti olaraq qeyd etdim):

“Alma almaya bənzər” mövzusunda fotomüsabiqənin şərtləri

   “1. Fotonun adında müəllifin adı, soyadı və fotonun adı qeyd olunmalıdır.

    2. Fotoların üzərinə müəllif imzası və ya loqo yerləşdirmək qadağandır.

   3. Fotolar üzərində heç bir fotoredaktə proqramı ilə əlavə dəyişiklik edilməməlidir (yalnız rəng balansı, kontrast və s. kimi düzəlişlərə icazə verilir).

   4. Müsabiqədə qalib gələn fotoların orijinal versiyası müəlliflərdən tələb olunacaq.

   5. Fotolarda əks olunan şəxslərin razılığının alınması fotoqrafın məsuliyyətindədir.

   6. Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət sərginin keçirilməsi nəzərdə tutulur.”.

    5-ci bənddə qeyd edilən fotomüsabiqəni təşkil edən üçün qarantiya məqsədi daşıyır, burada qeyd edilən razılıq isə şəxsi toxunulmazlıq hüququnun müdafiəsini təmin edir. Çünki sonradan həmin foto 6-cı bənddə qeyd edildiyi sərgilənə və ya digər məqsədlərlə istifadə edilə bilər.

    6-cı bəndin şərti isə artıq müəlliflik hüququnun birbaşa predmetidir. Belə ki, sərginin keçirilməsi ilə əsərin açıqlanması baş verir. Bu, müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə edilən hərəkətdir (red).

Qanunda həmçinin əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ) hüququ da təsbit edilib. Lakin sərgidə nümayiş etdirmək fikrimizcə yaymaq hüququnun realizəsi hesab edilə bilməz, çünki bu hüququn məzmunu özündə əsərin mülkiyyət hüquqlarının ötürülməsini ehtiva edir. Burada bir məqamı qeyd edim ki, əsərə dair müəlliflik hüququndan irəli gələn əmlak deyil, klassik anlamda mülkiyyət hüququnun keçməsindən söhbət gedir.

Məsələn, kitabın 100 tirajda çap edildikdən onun kitab satışı yerlərində satışının həyata keçirilməsi artıq kitabın alqı-satqı müqaviləsi ilə satılmasını nəzərdə tutur. Yəni kitabın mülkiyyətçisi alıcı olur, lakin kitaba dair əqli mülkiyyət hüquqlarına malik olmur.

“Biri vardı, biri yoxdu…” mövzusunda fotomüsabiqənin şərtləri

“Bu müsabiqədə iştirak etməklə siz giriş qaydaları və aşağıdakı hüquqi şərtlərlə razılaşırsınız: 

1. Təqdim etdiyiniz fotoların adınız və yaşadığınız ölkə ilə birlikdə, “Palıd” MMC-nin nəşrlərində, veb saytlarında, sosial media hesablarında və “Palıd” MMC-nin fəaliyyəti ilə bağlı digər tanıtım materiallarında, habelə bu yarışmanın təşkilində “Palıd” MMC ilə əməkdaşlıq edən maraqlı tərəflər və icraçı tərəfdaşlar tərəfindən istifadəsinə razılıq verirsiniz. 

1-ci bənddə “adınız” ilə birlikdə ifadəsi foto müəllifi üçün müsbət xarakterli şərtdir, çünki bu şərt təbii olaraq müəllifin ad hüququnun mühafizəsini təmin etməyə yönəlir. Ad hüququ müəllifə imkan verirə ki, əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etsin və ya bu cür istifadəyə icazə versin. Lakin həmin bənddə yer alan “istifadəsinə razılıq verirsiniz” ifadəsi isə ucu-bucağı görünməyən (yəni müəlliifn iqtisadi hüquqları çərçivəsində) hüquqların qeyd edilən şəxslərə verilməsini müəyyən edir. Bu isə qeyri-müəyyən olmaqla istifadənin hansı formalarda olacağını dəqiq müəyyən etməyə imkan vermir. Çünki əsərdən istifadəyə müstəsna hüquqların dairəsi geniş olub, sanki bir “çətir” altında toplanan, lakin hər biri müstəqil xarakter daşıyan hüquqlardır. Məsələn, əsərin surətinin çıxarılması, onun yayılması, idxalı, tərcüməsi və s. hər biri müstəsna hüquq olub, əsərdən istifadənin bir forması hesab olunur. Bu baxımdan nəzər saldığımız bənd müəllif üçün risklidir.

2. İştirakçılar “Palıd” MMC-yə əlavə xəbərdarlıq və ya kompensasiya olmadan adlarını, fotolarını, bəyanatlarını və sitatlarını görünmə, təbliğat və tanıtım məqsədləri üçün istifadə etmək hüququnu verirlər. 

2-ci bənddə də müəllif hüququnun predmeti olan məsələlər var: əsərin açıqlanması və ilkin baxışa əsasən xəbər məqsədli istifadə etmə. Yuxarıda birinci nümunədə qeyd edilənləri buraya da aid etmək olar.

3. Bundan əlavə, iştirakçılar “Palıd” MMC-yə heç bir əlavə təzminat və ya xəbərdarlıq etmədən öz sənət əsərlərindən istifadə etmək, çoxaltmaq, təkrar çap etmək, yaymaq və ya nümayiş etdirmək hüququnu verirlər. Müsabiqəyə qatılmaqla, bu Qaydalar və Şərtləri qəbul edirsiniz və uyğunluq tələblərinə cavab verdiyinizi təsdiq edirsiniz. Siz həmçinin müsabiqəyə təqdim edilən fotoların orijinal yaradıcısı olduğunuza zəmanət verirsiniz.”

3-cü bənd kifayət qədər geniş əmlak hüquqlarını verilməsini nəzərdə tutur. 1-ci ifadə etdiyimiz narahatlıq bu bənddə qismən öz həllini tapmış kimi görünür. Zəmanət müddəası isə müəlliflik hüququ aspektindən kənarda qalır və onu normal qəbul etmək olar.

Aşağıda nümunə olaraq digər şərti də paylaşıram:

“xxx.com saytı vasitəsilə keçirilən müsabiqədə dünyanın istənilən yerindən olan peşəkar və həvəskar fotoqraflar iştirak edə bilər. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.”.

     “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası  Qanununun (bundan sonra – Qanun) 30-cu maddəsində lisenziyanın məzmununu müəyyən edir. Belə ki,  həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əmlak hüquqları  müəllif müqaviləsi üzrə verilə bilər. Lisenziya verən isə müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri (müəllifin qanuni nümayəndəsi və ya kollektiv idarəetmə təşkilatları).

     Qanunda müəllif müqaviləsinin 2 növü: müstəsna və qeyri-müstəsna lisenziya növləri nəzərdə tutulmuşdur. Qısacası, qeyd edilən 2 müqavilə növü arasındakı fərq ondan ibarətdir ki, müstəsna lisenziya ilə istifadə hüququ yalnız lisenziya alana verilir. Nəticədə, lisenziya alana digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verilir. Yəni, əsərdən istifadə faktiki olaraq 1 şəxsin əlində cəmlənir. Qeyri-müstəsna lisenziyada isə istifadə hüququ bir neçə şəxsə eyni zamanda və ya məkanda verilə bilər.

      Müəllif müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Sual yaranır ki, şərtlərdə nəzərdə tutulduğu fotonun təqdim edilməsi lisenziyanın bağlanmasına səbəb olurmu?

Oxuduğunuz üçün təşəkkürlər!

Bir şərh yazın