Ruhumun sorağında…

Şənbə günüdür, 09.08.2025-ci il tarixi, saat 19:17, balkona filmə baxmaq ümidilə çıxmışdım, lakin olmadı, daha doğrusu təxirə saldım. Pinterestimi açıb film təkliflərinə baxanda elə özümün də film kimi həyata sahib olduğumu düşünüb çaydanı isinmək üçün yandırdım.

Balkona axşamtərəfi təxmini 5-dən sonra çıxdıqda xüsusilə yay günlərində məni qəribə bir ruh halı bürüyür, çox vaxt daxilimdə düşünürəm, lakin yazmaq bu sonsuz burulğanda sanki kələfin ucunu tapmaq kimi gəlir mənə.

Hava gözəldir təsvir edilməyəcək qədər ruhumu oxşayır, tellərimi də oxşaya bilərdi, lakin onları topuzla yığmışam. Deyir ki, otlardan hazırlanmış berqamotunu götür səmaya bax. Buludlar sənin üçün yavaşca rəqs edir, bəzən qruplaşırlar, bəzən küəsərək bir-birlərindən uzağa qaçırlar, elə biz insanlar kimi… Bəzən bir düz xətt boyunca sıraya düzülüb yallı getməyə cəhd edirlər, lakin külək onları kənardan başqa ellərə (xülyalara) aparır….

Bu anların cazibəsi ondadır ki, yaydır, melanxolik olursan, 5-dən sonra, bəzən yalnızlığın tənətənəsini yaşayırsan, bəzən sakitliyin zövqünü, bəzən ruhunu incitdiyini düşünürsən, bəzən həyatdan gözləntilərinin anidən itib-batdığını: hər şey hiss etdirə bilir insana. Uzaqdan oyun oynayan uşaqların, həyətdə anasının, ya da nənəsinin üstünə açan körpələrin səsi gəlir, ya da “təzə qarpız var” deyə hay-həşir salan satıcıların səsi. Yay sehirdir, onun sehrinə qapılırsan, küləklə özünü oynadan ağaın yarpaqlarına baxırsan, eşqə gəlirsən, o ki, axşam düşür, hava ruhunu incitmədən qaralmağa başlayır, onda ruhuna dönüb yenidən baxırsan, sən də eləsən, hava kimi hislərin oynaq. Hə, oynaq, başqa uğurlu sözlə əvəz edəcəyimi düşünmürəm.

Çayım nə üçün soyumur? Yəqin daha çox yazmağa fokuslanmağıma səbəb olmaq istəyir. Səma sanki mənim ürəyimdir, buldular isə ona gözəllik qatan hislərdir, indi buludlar pambıq kimidir, bu qəlbimə yayılan sonsuz rahatlığı ifadə edir. Boz olduqda yağışları gətirir, ulduzlu açıq gecələrdə isə yağacaq qarı. Təki qəlbimizə qar yağmasın….

Burada sözlərlə portret çəkmirəm, çünki uğurlu olacağını sanmıram, sözlər duyğuları ifadə etməkdə aciz qalır, lakin cəhd etmək uğurun yarısıdır, qəlbində bir nisgil qalmır. Batan günəş uzaqdan məktəb pəncərəsinə düşüb onu parlatdığı kimi mən də düşüncələrimin məni parladacağına inanıram.

Əziz oxucu!

Cümlələrim arasında məntiqi əlaqə axtarsan, yorulacaqsan, bəlkə sənlə oxşar hisləri paylaşırıq hazırda?

Çayım soyumağa başlayır, balkonda hava məni ağuşuna aldıqca daha çox yazmağa başlayıram, əla barmaqlarım hayqırırı sürətimdən, onlara minnətdaram 🙂

Bilirsiz, qəribə olan nədir, uzaqlarda bulud topası olsa da, rəngi dəyişib, bu da insan qəlbində mövcud olan, amma üzərini toz basan hislərə bənzəyir. Bəzən onların sadəcə mövcud olmasını bilərsən, ancaq heç onlarınü zünə baxmaq istəməzsən, onlara ikinci həyat bəxş etmək istəməzsən. Qoy həmişə xoş duyğularımızı bəsləyək!

Uşaqlıqda komanda oyunlarında uğursuz olduğum üçün həmişə qıraqda oturub daxilən qəlbimi sızıldadardım, onu incidərdim. İndi uşaqların oyun şənliyinin səsini eşidəndə eyni hisləri yenidən yaşayıram, bu pisdirmi? Bilmirəm!?

Sonda onu demək istəyirəm, axşamüstü 5-i keçsə də, külək məni ağuşuna aldı və eyni anda mənə 2 fərqli hissi yaşatdı: SEVİNC VƏ KƏDƏRİ EYNİ ANDA.

Və bu mənə nəyi xatırlatdı? ÖZÜMLƏ SÜLH İÇİNDƏ OLMAĞI!

Bir şərh yazın