Tətbiqi sənət əsəri

       Hər dəfə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – Qanun) müəlliflik hüququnun obyektlərinə baxanda özüm üçün yeni əsər növü kəşf edirəm. Bu dəfəki yazımda həmin obyektlər arasında diqqətimi çəkən tətbiqi sənət əsəri barədə bəhs etmək istəyirəm.

“Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası” da tətbiqi sənət əsərlərini ədəbi və bədii əsərlərin bir növü olaraq müəyyən edir.

     Qanuna əsasən tətbiqi sənət əsəri əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəridir.

     Qanunda verilən anlayışdan tətbiqi sənət əsərinin aşağıdakı əlamətləri var:

  • əllə və ya sənaye üsulu ilə yaradılmalıdır;
  • praktik istifadə funksiyaları olmalıdır və ya;
  • praktik istifadə əşyalarına köçürülə bilən olmalıdır.

Xalça və xalça məmulatları, vərni (mifik dünya, əfsanələr aləmini xatırladan, xovsuz xalçalar növünə aid xalçalar), məfraş və s. (3 kv.m-ə qədər), Saxsı, şamot və s.

    “Mədəniyyət haqqında” Qanunun 30.2.4-ci maddəsinə əsasən tətbiqi-sənət əsərləri xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatlarıdır və həmin əsərlər Azərbaycanın mədəni sərvətləri hesab edilir.

“Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları”nın 4.2-ci bəndinin 3-cü hissəsinə əsasən təsviri incəsənət, dekorativ-tətbiqi və səhnə sənəti əsərlərinin qeydiyyatı və qeydiyyat materiallarının depozitə götürülməsi üçün əsərlərin əsli və surətləri əvəzinə 9×12 ölçülü rəngli fotoşəkillər və ya onların slaydları təqdim edilir. Fotoşəkillər və slaydlar ayrı-ayrı zərflərdə olmalıdır.

Bu məqamda təsviri sənət əsərləri ilə tətbiqi sənət əsəri arasında fərqə toxunmaq yerinə düşər. Belə ki, sözügedən əsərlər arasındakı əsas fərq funksionallıqda özünü göstərir. İkincinin anlayışında olduğu kimi müəyyən formada praktik istifadə funksiyasının olmasıdır. Məsələn, məfraş yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalçadır. Eləcə də digər xalçalar məişətdə istifadə edilmək (döşəməyə sərilmək) üçün istifadə edilir. Hətta saxsı və şamot (odadavamlı gilən hazırlanan kərpic) da tətbiqi sənət əsərləri siyahısına daxil edilib. Qeyd edilən hər iki əşyaya sənət əsəri demək bir qədər adət etmədiyimiz durum olsa da, funksiyasına görə əsər sayılır. Kərpicin tikintidə, saxsıdan hazırlanan məmulatların isə məişətdə müxtəlif məqsədlərlə istifadəsi ona praktiklik funksiyası qazandırır. Yəni qısacası desək, insanların işə yarama qabiliyyəti olan əsər və Qanunda nəzərdə tutulan digər tələblərə cavab verdiyi halda tətbiqi sənət əsəri hesab edilir.

      Hətta ChatGpt-dən soruşduqda da o, tətbiqi sənət əsərini belə izah etdi: “Tətbiqi sənət əsəri gündəlik həyat üçün istifadə edilə bilən, lakin eyni zamanda estetik və bədii dəyəri olan əşyalardır. Bu əsərlər həm funksional məqsədə xidmət edir, həm də gözəllik və zövq hissi yaradır. Tətbiqi sənət bəzək sənətləri ilə yaxın əlaqəlidir, lakin fərqli olaraq, onun məhsulları yalnız bəzək üçün deyil, istifadə üçün də nəzərdə tutulur.”.

Əlavə olaraq əsərin təsviri ilə təsviri sənət əsəri də fərqli məzmundadır.

Tətbiqi sənət əsərlərindən bəhs edərkən sual yarada biləcək məqamlardan biri funksionallıq şərtinin patentdəki texniki həldən nə ilə fərqlənməsidir, çünki funksionallıq və texniki həll mahiyyətcə oxşarlıq təşkil edir. Məsələn, xalça və tozsoranın funksiyaları – hər ikisini məişət tələbatlarımızı ödəmək üçün istifadə edirik, birincisi müəlliflik hüququnun, ikincisi patentin obyektidir. Lakin hər ikisi insan üçün faydalı hesab edilən obyektdir. Bəs bu halda bu funksionallığın müəlliflik hüququ və patent arasındakı bir keçid nöqtəsi varmı?

Texniki biliklərimin çatışmazlığı bu suala öz fərziyyəmə uyğun (daha doğrusu bu fərziyyəmi də “Patent haqqında” Qanunun müddəalarından yola çıxaraq irəli sürürəm) cavab verməyə vadar edir.

    Əlavə olaraq, tətbiqi sənət əsəri hesab edilən obyektlərin müəlliflik hüququ yoxsa patent ilə (sənaye nümunəsi və ya faydalı model olaraq) mühafizə edilməsi də suallardan biridir.

Bir şərh yazın