“Tükənmə” sözü dövrümüzdə o qədər yayğın hal alıb ki, az qala hər kəs bu ifadəni işlədir. Hüquqşünaslar üçün bu ifadə daha unikaldır: çünki tükənməni həm də hüquqi ifadə kimi işlədirlər. “Hüquqi tükənmə hüquqşünası tükəndirdi”.

Bir az emosional giriş etsəm də, indi Sizə əqli mülkiyyət hüququnda tükənmədən bəhs edim. Məlumat üçün deyim ki, hüquqda tükənmə dedikdə ilk ağla gələn məhkəmə müdafiə mexanizminin tükənməsi olur. Siz insan hüquqları pozuntusu ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək istədikdə milli məhkəmə sisteminə daxil olan məhkəmələrdə icraatı başa vurmalısınız və barənizdə məhkəmə qərarı olmalıdır (bu yazının məqsədi sırf İP hüquq çərçivəsində tükənməni izah etməkdir).
Əqli mülkiyyət hüququnda tükənmə isə bir mənada qanuni monopoliyanı limitləməyə yönəlik hüquqi təznimləmədir. Tükənmə prinsipi digər sözlə “İlk satış” doktrinası da adlanır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda da bu prinsip əksini tapıb. Belə ki, adıçəkilən Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur.
Etiraf edək ki, ilk dəfə oxunulduqda anlaşılmaz səslənə bilər, lakin ideyası kifayət qədər sadədir: belə ki, əmtəə nişanı olan əmtəə ilk dəfə satışa çıxarıldıqdan sonra artıq əmtəə nişanı hüquq sahibi həmin əmtəənin 2-ci və sonrakı satışına qadağa qoya bilməz.
Yuxarıda istinad etdiyimiz maddənin qayəsi istehlakçı olaraq bizə normal gələ bilər, çünki alış-verişin bu qədər geniş aldığı dövrdə bu prinsip olmadan ticarət dövriyyəsini təsəvvür etmək çətin olardı. Belə ki, bu icazənin alınması tələb edilsəydi, brend sahibi ilə istehlakçı arasında əlaqənin təmin edilməsi, sonrakı satışlara icazənin verilməsi üçün izlənilmə sisteminin qurulması çətinlik törədərdi, ya da bu mümkün olmazdı.
Burada incə bir məqama toxunaq: sözügedən prinsip əmtəə nişanı hüquq sahibinin digər hüquqlarına xələl gətirmədən sadəcə bazara onun razılığı ilə çıxarılmış əmtəələrin sonrakı satışına qadağa qoymaq hüququnu istisna edir. İstənilən halda əmtəə nişanı hüquq sahibinin əmtəə nişanı üzərində müstəsna hüquqları qüvvədə qalır. Məsələn, Samsung telefonun satışından sonra Samsungun əmtəə nişanına dair hüquqları qüvvədən düşmür, lakin həmin telefonun sonrakı satışlarına mane olmaq istisna olunur.
Qeyd edilənlərə baxmayaraq tükənmə prinsipi həmişə hüquq sahibinin “əl-qolunu bağlayan” hüquqi tənzimləmə rolunda çıxış etmir, yəni bu prinsipin istisnası da mövcuddur. Doğrudur, bizim qanunvericilikdə bu cür istisna təsbit edilməsə də, lakin ümumqəbul edilmiş müəyyən istisnalar var. Belə ki, aşağıdakı hallar tükənmənin baş verməsinə mane olur:
1. Hüquq sahibinin razılığı olmadan əmtəə satışa çıxarılması. Məsələn, lisenziya alanın müqavilə şərtlərinə zidd olaraq əmtəəni satması;
2. Bazara çıxarılan əmtəənin vəziyyətinin pisləşməsi (korlanılması). Buraya əmtəənin qablaşdırılmasının açılması və ya dəyişdirilməsi, eləcə də mtəəyə başqa əmtəə nişanının tətbiq edilməsi aid edilir.
3. Kontrafakt əmtəənin idxalı.
Tükənmə 3 səviyyədə: milli, regional və beynəlxalq səviyyədə baş verir. Qısa da olsa, izahlara keçək:
1. Milli səviyyədə tükənmə – Əgər əmtəə nişanının mühafizə edildiyi bir dövlətdə əmtəə hüquq sahibinin razılığı ilə satışa çıxarılıbsa, həmin ölkədə sonrakı satışlar məhdudlaşdırıla bilməz. Lakin həmin əmtəə nişanlı əmtəə digər ölkələrdən nişanın qorunduğu dövlətə idxal olunduqda hüquq sahibinin idxala mane olmaq hüququ vardır.
2. Regional səviyyədə tükənmə (Avropa Birliyi ölkələri) – Əgər əmtəə müəyyən regional bazarda (məsələn, Avropa İttifaqında) hüquq sahibinin razılığı ilə satışa çıxarılıbsa, həmin region daxilində ticarət məhdudlaşdırıla bilməz. Bununla belə, birliyə üzv olmayan dövlətlərdən idxal baş verərsə, hüquq sahibi paralel idxala mane ola bilər.
3. Beynəlxalq səviyyədə tükənmə (İsveçrə, Kanada) – Əgər əmtəə nişanı dünyanın istənilən yerində hüquq sahibinin razılığı ilə satışa çıxarılıbsa, o zaman hüquq sahibi həmin malın digər ölkələrə idxalına və sonrakı satışına mane ola bilməz.
Qeyd etdiyimiz tükənmə səviyyələrinin seçilməsi dövlətlərin iqtisadi siyasətindən, ölkədə rəqabət mühitindən, istehsal imkanlarından və digər faktorlardan asılıdır. Belə ki, tükənmə səviyyəsinə uyğun olaraq dövlətin paralel idxal siyasəti seçilir və qanunvericinin möqeyi müəyyən edilir. Nəticədə, hüquq sahibinə müəyyən hüquqi müdafiə mexanimzləri (məsələn, gömrük orqanlarının üzərinə idxalın qadağan edilməsinə dair öhdəliyin qoyulmasını tələb etmək hüququ) tanınır (Paralel idxal kifayət qədər geniş mövzu olduğundan bu bloqda ancaq tükənməni işıqlandırmağı məqsədəuyğun bildik). Tükənmə səviyyəsinə adekvat olaraq paralel idxal siyasətinin müəyyən edilməməsi isə hüquq sahiblərinin məhkəmə və gömrükdə hüquqi müdafiə mexanizmindən yaralana bilməməsinə səbəb olur.