O, bu, gələn axşam…

Axşamların özünəməxsus sehri var. İşdən qayıtdıqdan sonra nələr edəcəyinizi düşünürsən, əslində o qədər siyahıda edilməli olan şeylər var. Əl-üzümü yuyub günün neqativini üzərindən atmaq istəirsən, çay içdikdən sonra qaranlıqda şam yandırmaq, onun tüstüsünə baxmaq. Ya da çayın qaranlqıda itib-gedən buğuna, çaynikin uçub-qaçan parına…Su damlalarının necə yarandığını düşünürsən ya ağlına saysız ssenarilər gəlir, eyni anda zehnin onları sənə yaşadır. Bilirsən elə bu anda gün ərzində, yox günlərlə aylarla yaşadığın hər şeyi xatırlayırsan. Deyirsən ki, qoy bunları bir yerə yığım, zehnimdə dolablara yerləşdirim. Axı niyə bu düşüncələr yaşamağa imkan vermir. Ağlına gəlir ki, bəlkə hamısı öz yerini tutmağı illərlə gözləyiblər, sonra da öz-özünə deyirsən, hər şey qeyri-müəyyəndir, ona görə özümü belə hiss edirəm. Bu da bir təsəlli olur beynində təmizlik etmək üçün…

Bu qış günündə çayının soyumasını gözləyərkən pərdəni çəkib bədirlənmiş aya baxdıqda şəkil çəkmək istəyirsən. Çoxdandır quruyub qalmış boyaların səni görəndə sevinirlər. Düşünürsən ki, bəlkə yenidən düzənə saldığın həyatında onların da rolu olsun. Qovuşdurursan o boyaları, yeni cütlüklər, triadalar yaradırsan onlardan. Sonra ortaya çıxan o rənglər dünyasında onların hər birindən bir iz görüsən, sanki yeni doğulmuş uşaqda onun ata, anası, bacı, qardaşı, xalası, bibisi, əmisindən bir nişanə axtarırsan. Elə hey axtarırsan, bu məşum, o qədər də nakam dünyada, axtarmağa davam edirsən. Deyirlər axtardığın da səni axtarır, ancaq harda axtarır o məni, bəlkə axtardığım yer eyni deyil, eyni dalğada deyilik.

Bu gecə də belə oldu, hislərin dalğalanması imkan vermədi, bu ziqzaqlar həyatımı yönəldir. O ziqzaqların arxasınca düşüb yaşayırıq, həyatımızı yön veririk, bu axşam da belə oldu, keçib gedən o axşamlar kimi, bəlkə gələcək o axşamlar kimi. Bu axşamların bir ortaq xüsusiyyəti var: üzünə həyatın silləsini çəkər, bəzən başını sığallayar, ana qucağının hərarətini hiss edərsən ya səni müəllim kimi danlayıb küncə qoyar. Ağ-qara olurlar, ancaq əsas məsələ sən ondan boz rəngi yarada bilirsənmi. Bəlkə bu və dünəki axşamda olmasa da, gələn axşamlarda edə bilərsən. Əlində fırça elə hey bu rəngləri qarışdırmağa cəhd edirsən, bir rəssam kimi çəkmək, silmək və ən yaxşısını çəkmək üçün. Bəlkə bu axşamlarda mən özümü quracam, yonacam, yenidən böyüdəcəm…ümidi ilə…

Bir şərh yazın