Əziz oxucu,
Əgər bu dəfə əqli mülkiyyət haqqında oxumağa gəlmisənsə, Səni bu dəfəlik üzəcəm, ancaq kim bilir, bəlkə bu dəfə həyatında fərqinə varmadığın bir sahə barədə məlumat aldın?
İlk dəfə hidrometrologiya olaraq başa düşdüyüm bu sahədə qazandığım bir çox bilgilərin çox az hissəsini nəhayət paylaşmaq qərarına gəldim.
Hidrometeorologiya sözü uşaqdan böyüyə hər kəsin bildiyi və eşitdiyi termindir. Hava proqnozuna baxmadan evdən çıxmağı ağlımıza gətirməyən bizlər təəssüf ki, metrologiya haqqında çox az məlumatlıyıq. Metrologiya – bu texniki sahə əslində doğumdan ölümə qədər bizi müşahidə edir.
Metrologiya sadə dillə desək, ölçmələr haqqında elm sahəsidir. Nə qədər böyük, nə qədər ağır, nə qədər uzun, nə qədər kiçik, nə qədər…? Ölçmə insana xas olan bir xüsusiyyətdir. Biz bilmək istəyirik ki, hansı avtomobil ən sürətlidir, kim ən uzundur və kim ən güclüdür. Düzgün və bərabər ölçmənin əhəmiyyətini kiçik hesab etmək olmaz [1].
Təsəvvür edin, bu sahədəki hər hansı boşluq həyat keyfiyyətimizə necə təsir edər və aradan qaldırılması mümkün olmayan fəsadlara səbəb ola bilər. Gündəlik həyatda alış-veriş etdiyimiz marketlərdə tərəzilər, yanacaqdoldurma məntəqələrində benizinin vurulması üçün istifadə edilən vasitələr, avtomobillərdə sürət həddini ölçən cihazlar, qan təzyiqini ölçən cihazlar, havanın və ya insanın temperaturunu ölçən vasitələr və s. Ölçmənin aparıldığı hər sahə qısacası metrologiyanın əhatə dairəsinə daxildir.
Metrologiya 3 nəhəng sahəyə ayrılır: qanunverici, tətbiqi və elmi. Hazırda məşğul olduğum qanunverici metrologiya sahəsi həyata keçirilən ölçmələrin hüquqi əsaslarını müəyyən edir və normayaratma fəaliyyətini özündə birləşdirir. Bu sahə böyük ölçüdə texniki anlayışlarla zəngindir, onlara hüquqi forma vermək hər zaman asan olmur, çünki hüquqşünasın bəzən texniki bilgiləri məsələni tam qavramağa yetərli olmaya bilir. Məsələn, ölçmənin həyata keçirilməsi üçün ölçmə vasitəsindən (termometr, tərəzi, taxoqraf, sayğac və s.) istifadə edilir. Bunu başa düşmək və təsəvvür etmək asandır, lakin ölçmə vasitəsinin yoxlanması və kalibrlənməsini mütləq gözlərinizlə gördükdən sonra başa düşə bilərsiniz.

Qanunverici metrologiya metrologiyanın nisbətən məhdud sahəsi hesab edilə bilər, çünki dövlətin bu sahədəki siyasəti üzrə qanunvericiliklə yalnız ölçmələrin bir hissəsi tənzimlənir, yəni həmin ölçmələrə dair tələblər müəyyən edilir. İnsan fəaliyyətinin demək olar ki, bütün sahələri üzrə ölçmələr həyata keçirilir, lakin dövlət onların sırasından daha ciddi risk doğuran sahələri təznimləyir. Dövlət tənzimləməsi müəyyən edilərkən həmin sahələr aşağıdakı meyarlara əsasən seçilir:
1. Ətraf mühitə təsir etmə: məsələn, torpağa verilən kimyəvi maddələrin, enerji istehlakının, ətraf mühitə buraxılan karbon qazının miqdarının ölçülməsi və s.
2. Ticarət əməliyyatları
3. İnsan sağlamlığı – istehlakçıların qorunması. Dövlət istehlakçını qorumaq məqsədilə hüquqi məsuliyyət tədbirləri müəyyən edir.
4. Maliyyə sanksiyalarının tətbiq edilməsi zamanı istifadə edilən ölçmə vasitələri: məsələn, radar avtomobili idarə edərkən sürət həddini müəyyən edir, həddin aşılmasına görə sürücüyə inzibati məsuliyyət tədbiri kimi bal yazılır və ya onun qeydə aldığı məlumatlar əsasında sürücü barəsində protokol tərtib edilir və s. Nəticədə, sürücü məhz radarın qeydə aldığı – həyata keçirdiyi ölçməyə əsasən cərimə ödəyir. Radarın qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun gəlməməsi və yalnış ölçmə aparması nəticəsində sürücünün cərimə ödəməsi məsələnin nə qədər ciddi olduğunu göstərir.
Elmi metrologiya isə bu sahədə elmi araşdırmaların həyata keçirilməsini təmin edir. Elmi metrologiya üzrə uğrulu təcrübə kimi Türkiyə Respublikasını göstərmək olar. TÜBİTAK UME-nin həyat keçiridiyi layihələr sahə üzrə çoxsaylı ixtiraların edilməsinə və onlardan gəlir əldə edilməsinə dəstək olur. Elm metrologiya olmadan bir dövlətin texnoloji inkişafını təsəvver etmək çox çətindir.
Tətbiqi metrologiya bilavasitə ölçmə fəaliyyətinin özüdür. Başqa sözlə, elmi metrologiyanın aldığı nəticələrə və qanunvericiliyə uyğun olaraq aparılan fəaliyyətdir. Azərbaycan Respublikasında elmi və tətbiqi metrologiya sahəsində fəaliyyətləri həyata keçirən “Azərbaycan Metrologya İnstitutu” publik hüquqi şəxsdir. AzMİ-nin fəalyyəti barədə saytından məlumat əldə edə bilərsiniz. [2]
Metrologiyanın mərkəzində ölçmələr dayanırsa, onun da mərkəzində ölçmə vasitələri dayanır. Buradan aydın olur ki, dövlətin tənzimlənməsi böyük miqyasda ölçmə vasitələrinə dair tələbləri əhatə edir.
Azərbaycan Respublikasında qanunverici metrologiyanın hüquqi bazası Konstitusiyadır. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Qanunun dili özünəməxsusdur, bir hüquqşünas ilk dəfə Qanunu oxusa? elə anlayışlar hissəsində təsəvvür etməyi çətinləşəcək.
Elə həmin Qanunda ölçmə vasitələrinə dair bir sıra tələblər müəyyən edilib. Onlardan biri ÖV-lərin yoxlanılmasıdır. Sadə dillə izah etsək, yoxlama ölçmə vasitəsinin onun üçün müəyyən edilmiş metroloji tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatlardır. Yəqin ki, qaz, su, işıq sayğaclarının müəyyən dövrlərdən bir yoxlanılmasını, eləcə YDM-lərdə vurulan benzinin miqdarını müəyyən etmək üçün istifadə edilən cihazların üzərində xüsusi işarə olduğunun fərqinə varmısınız. Məsələn, su sayğacı 2 ildən bir yoxlanılırsa, bu YDM cihazı üçün 1 il ola bilər. Müxtəlif ölkələrdə bu periodlar fərqlənir. Təsəvvür edin, 10 litr benzin üçün ödəniş edirsiniz, lakin əvəzində 9 litr və 11 litr benzin alırsınız.
Əsas məqsəd nədir: su və benzin sərfiyyatının düzgün hesablanmasını təmin etmək. Əks halda, istehlakçı az və ya çox istifadə etdiyi suya və benzinə görə artıq və ya əksik miqdarda ödəniş edəcək. Bu təkcə istehlakçı üçün deyil, eləcə də dövlətin büdcəsinə mənfi təsir edir.

Bu yazıda metrologiya haqqında az da olsa, təsəvvür formalaşdırmağa çalışdım.
Oxuduğun üçün təşəkkürlər!
1 – https://metrology.gov.az/az/metrologiya/olcmenin-ehemiyyeti-ve-tarixi/olcmenin-ehemiyyeti