İxtiraçı Donald Duck?

Bəlkə də daha cəlbedici bir başlıq da tapmaq olardı, (bunu oxuduqdan sonra yazının sonunda qeyd edə bilərsiniz) ancaq əsas kontentdə fikrimin açıq anlaşılacağına əminəm.

Bu dəfə müəlliflik hüququ və patent hüququnun kəsişəcəyi yer barədə danışmaq istəyirəm. Söhbət müəlliflik hüququ ilə qorunan futuristik şəkillərdən gedir, həmin şəkillərdə gördüyümüz ideyalar bir zamanlar şəkillərdə olsa, artıq günümüzün reallığına çevrilib. Selfi çəkən qadın, görüntülü danışan insanlar və daha çəkildiyi dövr qabaqlayan bir çox texnologiyalar. İlk baxışda bu şəkillərə baxdıqda rəssamların uzaqgörənliyini, bir o qədər də “ixtiraçılıq ruhuna” malik olmasını təqdir edirsən, çünki hər zamanın insan istifadə etdiyi texnologiyanın ən mükəmməli olduğunu düşünür və gələcəkdə bəşər övladının hansı innovasiyalara sahib olacağını proqnoz edə bilmir. Təbii ki, azlıqda qalan mühəndisləri və yaradıcı sənayenin təəsübkeşlərini istisna etməliyəm.

İndi haqqında bəhs edəcəyim və bu yazıda fokuslanacağımız əsərlərdən biri də Donald Duck cizgi filminin epizodu ilə bağlıdır. Sözügedən epizodun patentin əldə edilməsinə olan təsiri barədə bəhs etmək olduqca maraqlıdır.

Gəlin bir az şəkili incələyək: şəkildə batan gəmini çıxartmaq üçün ördək Donaldın yoldaşları ilə birlikdə göstərdiyi səyləri görürük. Qəhrəman ördəyimiz 27 milyon şarı xüsusi boruya doldurduqda yaranan təzyiq nəticəsində batan gəminin xilas edir.

Digər bir şəkildə isə artıq Donaldın istifadə etdiyi üsulla real həyatda batan gəmini xilas etdiyini görürük. 1964-cü ildə Karl Kroyer gəmini 27 milyon plastik topla dolduraraq Küveyt limanında batmış gəmini uğurla qaldırdı. Kroyerin bu üsuluna Böyük Britaniyada patent verilsə də, Hollandiyada rədd cavabı verilmişdi, çünki həmin üsul 1949-cu ildə Huey, Dewey və Louie-nin köməyi ilə Donald Duck-u göstərən “The Batmış Yaxta” komiksində də təsvir edilmişdi.

Hollandiyada həmin üsula patent verilməsindən imtina edilməsi patent qabiliyyəti şərtlərindən nisbətən asan olan yenilik tələbinin müzakirəsini gündəmə gətirir. Yenilik tələbi ixtiranın istənilən formada rəsmi dövlət orqanına müraciət edilənə qədər açıqlanmaması halını nəzərdə tutur, bu şəkil, video formatında və ya səsli formada, təqdimatla ixtiranın məzmunu barədə ictimaiyyətin məlumatlandırılmasını (hətta ictmai məkanların birində danışıq əsnasında bir neçə şəxsi məlumatlandırmaq belə bu tələbin pozulmasına səbəb ola bilər) istisna edir. Məsələn “Patent haqqında” AR-nın Qanununun 7-ci maddəsinin üçüncü hissəsinə əsasəan, ixtiranın yeniliyi müəyyən edilərkən mövcud bilgilər məcmusuna, həmçinin daha əvvəl ilkinliyə malik olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumuna daxil olan və geri götürülməyən ixtira və faydalı model barəsində iddia sənədləri, Azərbaycan Respublikasında patentlə mühafizə edilən ixtira və faydalı model də aid edilir. Bu o deməkdir ki, Donald keizində olduğu kimi “mövcud bilgilər məcmusuna” aid edilən istənilən məlumatın mövcudluğu ixtiarının yenilik tələbini qarşılamamasına səbəb ola bilər.

Oxşar keizlərdən biri də Samsungun Apple şirkətinə qarşı olan iddiasında da səsləndirilmişdi. Belə ki, Apple və Samsung arasındakı patent müharibəsində Samsungun arqumentinə görə 2001: Kosmik Odissey filmi Apple-ın planşet ixtira etmədiyini sübut edir. Sözügedən filmdən skrinşot Samsung-un müdafiəsinin bir hissəsi olaraq təqdim edildi və iddia edildi ki, “Apple-in nazik və düzbucaqlı dizayn etməsindən öncə həmin dizaynlar mədəniyyətin bir hissəsi idi. Həmçinin Samsung-un müdafiəsində filmdə astronavtların yemək yeməsi və eyni zamanda fərdi planşet kompüterlərdən istifadə etməsi də vurğulanmışdı.

Göründüyü kimi, nə qədər sadə şəkil kimi görünsə də, hətta irəli səviyyədə ixtiralar belə yenilik tələbini qarşılamadığı üçün qeydiyyatdan keçirilməyə bilər. Donald Duck keizi azsaylı keizlərdən biri olsa da, yenilik tələbinin ən sadə üsulla belə ixtiranın açıqlandığı halda pozulmasını göstərir.

Adıçəkilən keizi yenilik tələbinin qarşılanması zamanı təkcə patent databazasındakı məlumatların deyil, eləcə də bu databazadan kənar və açıqlanmış formada olan məlumatların tapılması məsələsini gündəmə gətirir. Çünki axtarış sistemlərinin geniş spektrdə məlumatlara çıxışı patent sisteminin keyfiyyətini müəyyən edən faktorlardan biridir. İddia edilən ixtiraya dair mahiyyət ekspertizasının aparılması formal ekspertiza ilə müqayisədə daha çətin olsa da, o, dövlətin patent sisteminin dayaqlarından biri kimi ictimai təsirə də malikdir. Belə ki, bu ekspertiza artıq hansı şəxslərin “ixtiraçı” (müəllif) statusu qazanmasını və ilk ixtiraçıya müstəsna hüquqların verilməsinə şərait yaradır.

Bu yazı burada bitmir, hər hansı akademik məqalənin mövzusu da ola bilər, daha irəli səviyyədə gələcəyi təxmin edən ixtiralar da ola bilər. Hələ qarşımızda süni intellektin yaratdığı şəkillərdə olan ideyalar olunca, məsələ bir qədər qəlizləşə bilər.

Sonda onu da qeyd etməliyəm bu yazının ərsəyə gəlməsinə vəsilə olan və dərsdə bu sualı xüsusilə verən əziz tələbəmə və bura qədər oxuduğun üçün Sənə təşəkkür edirəm, əziz Oxucu.

Bir şərh yazın