Bu dəfəki yazımız digər bloqlardan fərqli olaraq hər hansı hüquqi məsələyə həsr olunmayacaq. Əvəzində bir az hüquq, bir az incəsənət, bir az da fəlsəfə abu-havalı yazı oxuyacaqsınız. Onu da qeyd edim ki, yazdıqlarım təcrübəmə əsaslanan şəxsi fikirlərimdir.

Hüquqşünasların bəlkə də üzləşdiyi ən komik durumlardan biri hansı sənəd olursa-olsun ona baxıb münasibət bildirilməsinin xahiş edilməsidir. Sözsüz, korporativdə əksərən hüquqşünasın baxmalı olduğu sənədlər siyahısı əvvəlcədən məlum olsa da, bəzən hüquqi auditdən kənarda qalan sənədlər də ola bilər. Bu nöqtədə hüquqşünasın risk müəyyən etmək vəzifəsi gündəmə gəlir, axı verilən hər bir sənədə baxıb kiçik də olsa, öz rəy və təklifinizi bildirməlisiniz. Bəzən maliyyəçinin, texniki və ya IT mütəxəssisinin baxmalı olduğu məsələyə də müdaxilə edirsən, axı olmaz belə.
Bəs bunu necə bacaracam? Mən bunu öz təbilimcə, hüquqşünasın bəsirət gözü adlandırıram (yoqa və meditasiya mütəxəssisləri bunu üçüncü göz də adlandırırlar). Hətta daha irəliyə gedib son dövrlərdə sıxca rast gəlinən “art of noticing” də adlandırmaq mümkündür. Bu konsepsiya əslində hər bir insanın ehtiyac duyduğu bir hisdir: məsələn, bacım ördəyimizə baxanda artıq onun əhvalının necə olması, yerişindən ayaqlarında problem olduğunu görüb onu baytara aparırsa, bu onda fərqindəlik və ya müşahidə mədəniyyətinin mənlə müqayisədə daha yüksək olduğunu göstərir. Və ya anam güllərinə baxaraq onların normal mövsüm şəraitində hələ də böyüməməsi və ya çiçək açmamasına dair həyəcan təbili çalırsa, bu da onun “art of noticing”i hesab edilə bilər və ya atam seleksiya edilmiş ağacın meyvə verməməsini və ya əvvəlki “cır” formasında meyvə verdiyini görə bilirsə (mən baxsaydım, əminəm ki, bunu heç duymazdım).
Qayıdaq hüquqşünaslara. Qeyri-hüquqşünasların gözündə hüquqşünaslar möcüzə yaradandırlar, daima alternativləri var. Lakin bunu etmək hər zaman asan deyil. Xüsusilə də, bu qədər qanunvericilik aktları içərisində “art of noticing” hissini anidən yaşamaq heç də asan deyil. Hüquqi aktı bir neçə dəfə oxumaq, təsəvvüründə ssenarilər quraraq onu başa düşməyə çalışmaq, təsəvvürünüz çox geniş olanda boşluq tapmaq, təsəvvür edə bilməyəndə ziddiyyət axtarmaq, onu tətbiq etməyə çalışmaq. Bütün bu proseslər gərgin zehni əmək tələb edir. İşin ən çətin yanı hər bir müddəada “art of noticing”i yaşamağa çalışmaqdır. Bəs bunu necə aktivləşdirmək olar?
Bunu yaşamağın hansısa hazır resepti yoxdur: məsələn, normayaratma fəaliyyətilə məşğul olan hüquqşünas bir layihə üzərində neçə dəfə işləyir işləsin, hər dəfəsində fərqli baxışbucağından məsələyə yanaşır. Müqavilə hüquqşünası hər dəfə müqaviləyə qayıtdıqda yeni bir risk aşkarlamağa çalışır. Hüquqi rəy və memorandum yazan hüquqşünas hələ də qanunvericiliyi tam araşdırıb-araşdırmadığına əmin olmağa çalışır. Bütün bu ssenariləri birləşdirən ümumi cəhət skeptik olmaq, rahatlıq hissi verməyən “bəlkə”lər olur.
Hüquq tətbiqetmənin müxtəlif sahələrində çalışmaq “art of noticing” hislərini daha da bağlantılı edir. Təcrübədə qarşılaşdığınız problemi normayartma vasitəsilə və müqaviləyə maddə daxil etməklə aradan qaldıra bilərsiniz. Onu da qeyd edim ki, bu hissin gücləndirilməsi müxtəlif üsullarla ola bilər: fərqli ortamlarda müzakirələr, akademik mənbələri araşdırmaq və hüquqi dünyagörüşün genişləndirilməsinə xidmət edən digər vasitələr. Ancaq ən önəmlisi Sizin psixoloi durumunuzdur – fokuslanmaq qabiliyyətiniz. Hər nə qədər bu bacarıq güclüdürsə, dərindən analiz etmək mümkün olur. Çox sadə səslənsə də, su və ya kofe içmədən günə başlaya bilməmək, ətrafınızda yaşıllığın olmaması, bəzən təkbaşına araşdırma aparmaq və ya fonda musiqi olmadan sənədə baxa bilməmək. Qeyd etdiyim və etmədiyim üsullar individualdır, üçüncü gözünüzü açmağa yardımçı olan vasitələri özünüz tapmalısınız.
Bu nöqtədə bir nüansı vurğulayım ki, əslində üçüncü gözün açılmasına sərt bacarıqlarımız və yumşaq bacarıqlarımız eyni anda yardımçı olur. Məsələn, müəyən diapazonda bilgiyə malik olmaq və onu tətbiq etmək sərt bacarıqdısa, üçüncü bir şəxslə dialoqa girib məsələni onunla müzakirə etmək bacarığı da yumşaq bacarıqdır. Bu halda “helikopter baxışı” Sizin işinizi asanlaşdırır və hətta özünüzə “axı bunu necə görməyə bilərdim” deyirsiniz.
“Art of noticing”i yaşamaq hüquqşünas kimi daha çox sərt bacarıqlarınızdan asılıdır. Öncə ictimai münasibəti tənzimləyən hüquqi aktı tapmaq, daha sonra onları öz çərçivəsində təhlil etmək (şərh etmək) və yekun qərarı vermək. Bəzən öz üçüncü gözünüz Sizə kifayət etməyə bilər, komanda yoldaşlarının da fikrini almaq gözünüzün açılmasına səbəb ola bilər.
Bütün bu texnikalar dərin çalışmanı təmin edərək xəyal dünyanıza qayıtmağınıza yardımçı olur. Çünki əslində xəyal dünyamız bir-birilə ilə bağlantılı olan dünyamızda bu bağlantını duymağa imkan verir. Bunu hər dəfə Şerlok Holmes filminə baxanda yaşayıram: zehin xəritəsi qurmaq və fərqinə varmaq.

Son dövrlərdə isə “The art of lawyering” və “The art of being lawyer” cərəyanları da yayılmağa başlayıb. Fikrimcə, hər nə qədər fərqli adlandırmalar olsa da, bu cərəyanlar təkcə işçilər üçün deyil, həyatı yaşamağa çalışan hər bir şəxs üçün faydalı ola bilər. Bu nöqtədə bir çox ixtiraların və kəşflərin məhz bu üsulla yarandığını xatırlatmaq yerinə düşər. Təbiəti rol model alaraq yaradılan ixtiralar və sənaye nümunələri bunlara misal ola bilər. Bəzən təbiətin qanunları əsasında yaradılan ixtiralar da olur, lakin hər zaman patentləşdirmək müşkül məsələdir (bu başqa yazının mövzusudur).
“Art of noticing”in güclü olsun əziz Oxucu və dünyamızı bu hiss ilə gözəlləşdirmən diləyilə.