Müqavilələrdə keyfiyyət göstəriciləri və tətbiqi

     Təcrübədə imzalanan alqı-satqı və bu qəbildən olan digər müqavilələrdə məhsulun keyfiyyət göstəricilərinə dair müddəalara yer verilir. Bunun ən bəsit örnəyi kimi məhsulun milli və beynəlxalq standartlara və digər texniki-normativ sənədlərdə müəyyən edilmiş tələblərə uyğun formada istehsal edilməsi tələbidir. Məsələn, müqavilədə aşağıdakı məzmunda Satıcının öhdəliyinin müəyyən edilməsi mümkündür:

“Satıcı məhsulun (malın, işin, xidmətin) Azərbaycan Respublikasında qüvvədə olan milli standartlara uyğun formada, milli standart olmadığı təqdirdə beynəlxalq standartlara uyğun formada istehsal etməyi (işi icra etməyi, xidməti göstərməyi) və təhvil verməyi öhdəsinə götürür. Eyni məhsula dair həm milli, həm də beynəlxalq standartlar olduğu təqdirdə beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsal edilməlidir”.

Bəs bu maddəni yazıldığı kimi tətbiq etmək olurmu? Müqavilədə malın keyfiyyət göstəricilərinə dair bu tələb hansı formada reallaşdırılır və Satıcının mümkün məsuliyyəti nədən ibarət ola bilər? Bu yazımızda bqəbildən olan suallara cavab tapmağa çalışacağıq.

Əvvəlcə standartın nə olmasına nəzər salaq. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.2-ci maddəsinə əsasən standart təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəddir. Qanunun 1.0.3-ci maddəsinə görə beynəlxalq standart isə standartlaşdırma üzrə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş standartdır. Yuxarıda nümunə olaraq verdiyimiz milli standart isə dövlət standartı olub, milli standartlaşdırma qurumu tərəfindən qəbul edilən standartdır.

Qanunun yuxarıda istinad verilən maddələrinə əsasən, əslində standartın sahibkar tərəfindən istifadə edilməsinə dair hər hansı öhdəliyi yoxdur. Yəni istehsalat prosesində milli standartlaşdırma qurumu (burada Azərbaycan Standartlaşdırma İnstitutu nəzərdə tutulur, bundan sonra AzStand) tərəfindən qəbul edilən standartın tətbiq edilməməsinə görə hər hansı məsuliyyəti də yaranmır. Ancaq müqavilə münasibətlərində bu Tərəflərin öhdəliyi olaraq müəyyən edildikdə durum bir qədər fərqli olur, bu zaman Alıcının yüksək keyfiyyət göstəricilərinə malik məhsul əldə etmək kimi gözləntisi yaranır.

Bəs standartın məcburi olmaması sahibkarı tamamilə azad edirmi? Çünki qidadan tutmuş, kosmetikaya, tekstil sahəsinə, elektrotexnika avadanlıqlarına qədər müxtəlif məhsullara dair təhlükəsizlik, sanitariya normalarına riayət edilməlidir ki, istehlakçılar keyfiyyət məhsuldan yararlana bilsinlər. Belə olan halda dövriyyəyə artıq standart deyil, keyfiyyət göstəriciləri və məhsula dair digər məcburi göstəriciləri müəyyən edən texniki reqlamentlər girir.

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə istinadən, texniki reqlament mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi aktdır. Buradan başa düşürük ki, təsərrüfat subyekti (sahibkar) üçün texniki reqlamentlərin tələblərinə uyğun formada fəaliyyət göstərmək onun vəzifəsidir. Bununla belə qeyd etməliyik ki, hazırda qüvvədə olan hər hansı texniki reqlament mövcud olmadığından texniki reqlamentlərin qəbuluna qədər müqavilələrdə keyfiyyət göstəriciləri standartlarla tənzimlənir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən, Qanunun şamil edildiyi mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki reqlamentlər bu Qanun qüvvəyə mindikdən sonra 5 (beş) il ərzində Qanuna uyğun olaraq mərhələlərlə işlənilib hazırlanmalı, qəbul və dərc edilməlidir. Təxminən 2025-ci ildən etibarən artıq texniki reqlamentlərin qəbulu mümkün ola bilər.

Nümunədə milli standartın olmadığı halda Satıcının beynəlxalq standartın tələblərinə uyğun formada məhsul vermək öhdəliyi müəyyən edilib. Bu öhdəlik Satıcı tərəfindən danışıqlar prosesində və ya məhkəmədə mübahisələndirilə bilər və ya daha yumşaq formada öhdəlik müəyyən edilə bilər. “Standartlaşdırma haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycan Respublikasında birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır. Qısacası, beynəlxalq standartı Azərbaycan Respublikasında tətbiq etmək istəyən şəxs bununla bağlı əvvəlcə AzStanda müraciət edib razılıq almalıdır. Əks təqdirdə, müəyyən edilmiş öhdəliyin Satıcıdan asılı olmayan səbəbə görə icra edilməyəcək. Əgər standart mövcud deyilsə, Satıcı texniki şərti tətbiq edə bilər, lakin texniki şərtin tətbiqi də könüllü xarakter daşıyır. Belə ki, Qanunun 1.0.11-ci maddəsinə əsasən, texniki şərtlər mala (işə, xidmətə), onunla əlaqəli proseslərə (o cümlədən idarəetmə sistemlərinə) və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəddir.

Beləliklə, həm standartın, həm də texniki şərtin tətbiqinin könüllü olması istehsalçılara həm müsbət, həm də mənfi cəhətdən təsir edə bilər. Müsbət xüsusiyyəti odur ki, hətta AzStand tərəfindən qəbul edilən standartı istehsalatda tətbiq etməməyə görə istehsalçının məsuliyyəti yaranmır. Mənfi cəhəti isə standartı tətbiq etmək istəyən şəxsin bununla bağlı haqq ödəyərək standartı istifadə edə bilməsi, standartların məzmunun qapalı olmasıdır, çünki standartlar müəlliflik hüququ ilə qorunan rəsmi dərc edilməmiş normativ sənəd hesab edilir. Bununla belə qeyd etməliyik ki, AzStand-dan müvafiq dövlət standartını əldə edən şəxs artıq fəaliyyətində həmin standartları rəhbər tutmalıdır, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti yaranır (məsələn, İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində 448, 518, 519 və s.)

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı qəbul edilmiş və bu istiqamətdə görüləcək tədbirlər müəyyən edilmişdir. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun əvvəlki redaksiyasına əsasən, Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri müəyyən edirdi. Belə ki, mallara (işlərə, xidmətlərə) dövlət nəzarəti təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunlaşma baxımından aparılır və əksər malların həmin tələblərə uyğunluğunun məcburi sertifikatlaşdırılması nəzərdə tutulurdu. Qabaqcıl beynəlxalq təcrübədə isə qeyri-qida istehlak mallarına dair məcburi təhlükəsizlik tələbləri, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblər texniki reqlamentlərlə, keyfiyyət göstəricilərinə dair tələblər standartlar əsasında könüllülük prinsipləri ilə tənzimlənir. Bu da ədalətli rəqabət mühitində biznesin əlverişli inkişafına şərait yaradır.

Yuxarıda qeyd edilənlərə əsasən, texniki şərt və standartın könüllü olması istehsalçıları müəyyən müddətə məsuliyyətdən azad etsə də, texniki reqlamentlərin qəbulu ilə mənzərə dəyişəcək. “Texniki tənzimləmə haqqında” Qanunun 18.2-ci  maddəsinə görə texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.

İstifadə edilmiş mənbələr:

  1. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunu
  2. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanunu
  3. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (https://e-qanun.az/framework/53271)
  4. “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (https://e-qanun.az/framework/34811)

Bir şərh yazın