Qədim Roma prinsipləri – Lex loci delicti yoxsa lex loci protectionis?

Bir müddət fasilə verdikdən sonra yenidən bloquma qayıtmaq mənə xoş oldu. Mövzunu isə bir dostumun verdiyi sual ətrafında düşünüb və araşdırıb yazmaq qərarına gəldim: əqli mülkiyyət mübahisələrində yurisdiksiya.

Yazının məqsədinin daha da aydın olması üçün öncə aşağıdakı 2 istiqaməti nəzərinizə çatdırmaq istərdim:

  1. Əqli mülkiyyət mübahisəsinin Azərbaycan Respublikasında baş verdiyi, mübahisə tərəflərinin Azərbaycan rezidenti olduğu və ƏM hüquqlarının Azərbaycan ərazisində qeydiyyata alındığı hallarda mübahisələrə baxılması;
  2. Mübahisəyə xarici elementin də daxil odluğu hallar və beynəlxalq xüsusi hüquqi münasibətin mövcudluğu halında mübahisələrin tənzimlənməsi.

Bu bloq yazısında daha çox ikinciyə fokuslanacağıq və ƏM-in beynəlxalq hüquqi tənzimlənməsinə dair hüquqi aktlara nəzər salacağıq. Çünki birinci qeyd edilən məsələ ilə bağlı demək olar ki, hər hansı sual yaradan məqam yoxdur, burada köməyimizə ƏM hüququna dair AR-nın müxtəlif qanunvericilik aktlarında tətbiq ediləcək hüquq və məhkəmə seçiminə dair normalar gəlir. Məsələn, “Patent haqqında” AR-nın Qanununun 40-cı maddəsinə əsasən, “Bu Qanundan irəli gələn patentlə bağlı mübahisələrə inzibati qaydada və məhkəmədə baxılır. Patent sahibi patenti pozmuş hüquqi və ya fiziki şəxslə ona dəymiş zərərin ödənilməsi barədə razılığa gəlmədiyi halda mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra MPM) ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.

    Oxşar tənzimləməyə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunda da rast gəlmək olar. Bu Qanunun icrası ilə əlaqədar aşağıdakı mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaydada məhkəmədə baxılır.

     MPM-də ərazi aidiyyətini tənzimləyən normalar sırasında birbaşa şəxsi qeyri-əmlaka (əqli mülkiyyət hüquqları) nəzərdə tutulmasa da, bu tipli mübahisələrə ümumi aidiyyət, müqavilə aidiyyəti və iddiaçının seçməsinə görə aidiyyәt tətbiq edilə bilər.

    İndi isə mübahisələrin beynəlxalq xüsusi hüquq xarakterli olduğu halda tənzimləmə üsuluna nəzər salaq. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, şəxsi qeyri-əmlak hüquqlarına, onların müdafiəsinə bu hüquqların həyata keçirildiyi ölkənin hüququ tətbiq edilir. Şəxsi qeyri-əmlak hüquqları sırasına ƏM hüquqları da daxil edildiyindən Qanunun istinad verilən maddəsini ƏM hüquqlarına da şamil etmək olar..

Mübahisəyə beynəlxalq xüsusi hüququn tətbiq edilməsi üçün aşağıdakı elementlərdən biri mövcud olmalıdır:

  1. Tərəflərin müxtəlif dövlətlərin ərazilərində fəaliyyət göstərməsi;
  2. Hüquq pozuntusunun başqa dövlətin ərazisində baş verməsi;
  3. Zərərin xarici dövlətdə dəyməsi faktı;
  4. ƏM hüququnun xarici dövlətdə qeydiyyatdan keçirilməsi.

İndi isə qayıdaq bloqumuzun adında yer alan və dəbdəbəli səslənən iki qədim Roma ifadəsinə: “Lex loci protectionis” “Lex loci delicti”. Qeyd edilən hər iki prinsip əqli mülkiyyət hüquq mübahisələrinin tənzimlənməsi (burada tənzimləmə dedikdə hüquq və məhkəmə seçimini nəzərdə tuturam) zamanı nəzərə alınan və hüquq tətbiq edən şəxslərə (in-house hüquqşünasa, konsultanta, hakimə) mübahisənin həllində yardımçı olan prinsiplərdir.

“Lex loci protectionis” əqli mülkiyyət mübahisələrinin tənzimlənməsi zamanı tətbiq edilən, əqli mülkiyyətin beynəlxalq tənzimlənməsinə dair ayrı-ayrı beynəlxalq hüquqi sənədlərdə təsbit edilən prinsipdir. Belə ki, Bern Konvensiyasında bu prinsipin təsbitini “qorunmanın tələb edildiyi dövlətdə” və ya “qorunmanın həyata keçirildiyi dövlət” formalarında görmək olar. Bu prinsip hazırda Avropa İttifaqı məkanında mənimsənilmiş və üzv dövlətlərin qanunvericiliyində təsbit edilən prinsipdir. Məsələn, Roma requlyasiyasının müddəlarına uyğun olaraq, qeyri-müqavilə münasibətlərindən irəli gələn iddialara mühafizənin iddia edildiyi dövlətin qanunvericiliyinə uyğun olaraq baxılır.

 “Lex loci delicti” isə ümumi hüquq sistemli dövlətlərdə tətbiq edilən yanaşma olmaqla, hüquq pozuntusunun baş verdiyi dövlətin qanunvericiliyinin mübahisəyə tətbiqini nəzərdə tutur. Hər iki prinsipin məzmununu başa düşmək üçün prinsipləri konkret nümunə üzərində canlandırmağa çalışaq. Fərz edək ki, Alman yazıçının əsərləri üzərində müəlliflik hüquq pozuntusu Fransada baş verir, kitablar onunla müqavilə (lisenziya) bağlanılmadan çap edilir və satılır. Əsərin lisenziya müqaviləsi olmadan çoxaldılması (nəşri) və yayılması halında iddia qaldırılarsa, hansı dövlətin hüququ tətbiq edilməlidir?

     Nümunə verdiyimiz keizə bu prinsipləri tətbiq etsək, Lex loci protectionisə əsasən, hüququn mühafizə edildiyi dövlətin qanunvericiliyi tətbiq ediləcək. Almaniya və Fransanın Bern Konvensiyasının üzvü olduğunu nəzərə alsaq, alman yazıçısının əsərinin Bernin üzvü olan Fransada da mühafizə edilir. Çünki Konvensiya əqli mülkiyyət hüquqlarının “milli rejim” prinsipinə söykənərək mühafizəsini təmin edir (Milli rejim prinsipi Konvensiya üzvü olan dövlətlərdə Konvensiya üzvü olan digər dövlətlərin vətəndaşları ilə xarici vətəndaşlara eyni səviyyədə qorumanı təmin edir). Beləliklə, qorumanın tətbiq edildiyi dövlətin, yəni Fransanın qanunvericiliyinə uyğun olaraq baxılır. Bu misalı Azərbaycan Respublikasına da şamil etmək olar (AR da Bern Konvensiyasının üzvüdür)

    Anqlo-sakson yanaşması olan Lex loci delictini tətbiq etsək, hüquq posuntusunun baş verdiyi və  ya zərərin dəydiyi yerin – Fransanın qanunvericiliyinə uyğun olaraq mübahisəyə baxılacaq. Nəticə etibarilə, hər iki prinsip mübahisəyə Fransa qanunvericiliyinin tətbiqini nəzərdə tutur. Göründüyü kimi prinsiplərin adlandırmasında fərqlər olsa, mahiyyət etibarilə eyni nəticəyə gəlməyimizə səbəb olur.

   Yuxarıda qeyd edilən iki prinsip mübahisələrin tənzimləməsində açar olsa da, rəqəmsal dünyada baş verən hüquq pozuntularında bu prinsiplərin necə işlədiyi maraq doğurur. Məsələn, aşağıdakı ssenari üzrə təssəvvür etməyə çalışaq:

“İspan müəllifin əsəri Fransada çap edilir və əsərin nüsxələri internetdə yerləşdirilir. Bir müddət sonra müəllif əsərinin İspaniyada ictimai varidata keçdiyini elan edir. Bundan istifadə edən nəşriyyat evləri kitabın PDF versiyasını müxtəlif dillərə tərcümə edir isə Azərbaycan əraizisində endirilərək istifadə edilir və çap edilir”

Tətbiq ediləcək hüquq hansıdır?

Lex loci protectionisə əsasən, keiz üzrə əsas məqam əsərin Konvensiya üzvü olan bir dövlətdə ictimai varidata keçdiyi zaman digər dövlətlərdə mühafizəsinə xitam verilməsi yoxsa mühafizəsinin davam etməsi ilə bağlıdır. İstifadənin Azərbaycan ərazisindən də həyata keçiridiyini nəzərə alsaq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR-nın Qanununun 3-cü maddəsinin 7-ci bəndini xatırlamaq yerinə düşər: Belə ki, adıçəkilən Qanun üzrə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin obyektlər üçün müəyyən edilmiş qorunma müddətləri bitməmiş olsun.

Bern Konvensiyasının 7.8-ci bəndinə əsasən, istənilən halda qorunma müddəti qorunma tələb olunan ölkənin qanunvericiliyinə əsasən müəyyən edilir; bununla birlikdə, həmin ölkənin qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa, bu müddət əsərin mənşə ölkəsində müəyyən edilmiş müddətdən daha uzun ola bilməz.

Yuxarıda qeyd edilən prinsiplər mübahisə Tərəfləri arasında hər hansı müqavilə münasibətinin olmaması halında tətbiq edilir. Yazılı müqavilənin olması və Tərəflərin tətbiq ediləcək hüququ və işə baxan məhkəməni öncədən razılaşdırmaları isə hüquq pozuntusu baş verdikdə ona harda baxılması sualını aradan qaldırır. Lakin Tərəflərin məhkəmə və hüquq seçimi etməsi hüququ mütləq xarakter daşımır, hətta bəzən bu müqavilədən irəli gələn bütün mübahisələrə şamil edilsə də, etibarsız hesab edilə bilər. Bu əsaslardan biri, əqli mlükiyyət hüququnun etibarsızılığı ilə bağlıdır. Unudulmamalıdır ki, əqli mülkiyyət hüquqları ərazi xarakteri daşıyır (bu özünü daha çox sənaye mülkiyyəti obyektlərində – patent və əmtəə nişanlarında göstərir). Səlahiyyətli dövlət orqanının həyata keçirdiyi qeydiyyat prosesindən sonra hər hansı ixtira və ya əmtəə nişanının beynəlxalq qeydiyyatına müraciət etmək mümkündür. İxtiranın 3-cü dövlətin ərazisində istifadə olunması və onun etibarsızlığına dair iddia qaldırılırsa, bu zaman iddia ixtiranın mənşə ölkəsində – onun ilkin olaraq dövlət qeydiyyatına alındığı dövlətdə qaldırıla bilər.

İstifadə edilmiş mənbə:

  1. When Private International Law Meets Intellectual Property Law A Guide for Judges, WIPO and the HCCH, 2019
(Bloq yazısında toxunulan məsələlər barədə daha ətraflı ÜƏMT-in yuxarıda istinad verilən nəşrindən məlumat ala bilərsiniz)

2023-cü ilin son bloq yazısını bura qədər oxuduğun üçün təşəkkür edirəm, əziz Oxucu! 2024-cü ildə əqli mülkiyyətə dair (bəlkə başqa hüquq sahəsinə dair kim bilir?) Sənin üçün maraqlı olan yazılarda yenidən görüşmək ümidi ilə:)

Bir şərh yazın