Proqram təminatına dair lisenziyalar: bəzi hüquqi risklər haqqında

Bir müddətlik fasilədən sonra bu yazımda müqavilə hüquqşünaslarının ən azı bir dəfə qarşılaşacağı praktiki məsələyə toxunmaq istəyirəm. Bloq yazısı həm gündəlik iş fəaliyyətimdə qarşılaşdığım, həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (bundan sonra ÜƏMT) əqli mülkiyyət hüququna həsr edilmiş yay məktəblərində öyrəndiklərimin ümumiləşdirməsindən ibarət olacaq.

Azərbaycan Respublikasında araşdırdığım qədərilə məhkəmə mübahisələri daha çox əmtəə nişanı hüquq pozuntusu, bir qədər də müəlliflik hüquq pozuntuları ilə əlaqədar olur. Korporativdə isə hüquqi rəy verilən əqli mülkiyyət məsələlərindən biri də komputer proqramlarına (bundan sonra proqram) lisenziyanın alınması ilə bağlı olur. Bu səbəblə yazının müqavilə hüquqşünasları üçün faydalı olacağına və lisenziya müqavilələrini hüquqi aspektdən baxışdan keçirdiyiniz zaman Sizə müəyyən istiqamət verəcəyinə ümid edirəm.

Mövzuya giriş olaraq qeyd edim ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Repsublikası Qanununun 6.1-ci bəndinə əsasən komputer proqramları ədəbi əsər kimi müəlliflik hüququnun obyekti hesab edilir. TRİPS Sazişinin 10.1-ci bəndinə əsasən, komputer proqramalrı ədəbi əsər kimi BERN Konvensiyası ilə mühafizə edilir

  1. Lisenziyanın növü

Lisenziyalar hüquq sahibinə verilən hüquqların məzmununa görə 2 növdə ola bilər: müstəsna və qeyri-müstəsna. Müstəsna lisenziya proqramın istifadə hüququ yalnız lisenziya alana verildiyi halda, qeyri-müstəsna lisenziya isə istifadə hüququnun müxtəlif şəxslərə verilə biləcəyini mümkün edir. Adətən lisenziyalar qeyri-müstəsna növündə imzalanır, çünki müstəsna lisenziyanın verilməsi proqram sahibinin iqtisadi cəhətdən mövqeyinə uyğun olmayan haldır. Qeyri-müstəsna lisenziya proqramın müxtəlif şəxslərə istifadəyə verilməsini təmin edir, lakin bəzi spesifik sahələrdə istifadə edilən proqramlar (məsələn, telekommunikasiya, sığorta və s.) müstəsna xarakterli ola bilər.

2. Proqramın növü və müəlliflik hüququ ilə qoruna bilməsi

Açıq mənbə (open source) tipli proqramlar mənbə kodu açıq olduğundan dəyişdirilə, öyrənilə və paylaşıla bilər. Bu müəlliflik hüququnun tərsi olan “copyleft” konsepsiyasıdır. Bu baxımdan lisenziyada proqramın hansı hissələrinin müəlliflik hüququ ilə qorunması və hansı hissədə open source hesab edilməsinə diqqət edilməldiir.

Digər bir hal isə proqramda “Creative commons” ifadəsinin istifadə edilməsidir. Bu proqramın sərbəst və açıq mənbə kodu ilə istifadəsini nəzərdə tutur

Bəzi yurisdiksiyalarda proqramların patent ilə mühafizə edilməsi halına rast gəlinir (patent ilə mühafizə proqramın ixtira hesab edilməsi, müəyyən problemin həllində funksionallığının olması deməkdir), bu halda isə lisenziya ilə verilən hüquqlar mahiyyətcə müəlliflik hüququndan fərqli olur.

3. Lisenziyanın qüvvədə olacağı ərazi və istifadə müddəti

Lisenziya müqaviləsinin mühüm şərtlərindən biri də ərazi və müddətdir. Ərazi lisenziyanın qüvvəsinin müəyyən bir dövlət və onun müəyyən ərazisidnə və ya lisenziya alanın kommersiya fəaliyyətinin həyata keçirildiyi bütün ərazilərdə (hər hansı dövlət məhdudiyyəti olmadan) qüvvədə olmasını nəzərdə tutur.

İstifadə müddəti də lisenziyanın əsas şərtlərindən biridir, burada diqqət edilməli məqamlardan biri bəzən alqı-satqı zamanı malla birlikdə (ondan ayrıla bilmədən) proqramın təqdim edilməsidir. Bu halda proqramın istifadə müddəti malın istifadə müddəti ilə eyni müddətə hesablanır.

4. Proqramın təhvil verilməsi müddəti

Bəzən proqramın texniki xüsusiyyətlərindən asılı olaraq lisenizya verən proqramı müqavilə imzalandıqdan sonra müəyyən vasitələrlə təqdim edə bilmir, belə ki proqramın quraşdırılması və güncəllənməsi üçün müəyyən mərhələlərdən keçməsi tələb olunur. Bu cür sınaq mərhələlərindən keçərək proqramın təhvil verilməsi onun istifadəsi üçün lisenziya alan şəxsə risk təşkil edir. Bu baxımdan qurşadırılma (installation) mərhələsində proqramın gözləntiləri doğrultmadığı halda, lisenziya verən şəxsin üzərinə müəyyən çəkindirici öhdəliklər qoymaq olar.

5. İstifadə ilə yanaşı verilən digər hüquqlar

Adətən istifadə hüququ ilə yanaşı lisenziya alan şəxsə digər hüquqlar da verilə bilər, məsələn proqramın nüsxələrinin çıxarılması, ehiyat nüsxələrinin saxlanılması, proqram əsasında yeni proqramın (derivative vvork) yaradıla bilmə imkanının verilməsi, proqramın təkmilləşdirilməsindən sonra onun üzərində müəlliflik hüququnun əldə edilməsi və s. Təbii ki, bu hüquqların əldə edilməsi lisenziya alanın marağında olmalıdır və bu hüquqların da lisenziya ilə verilməsi müqavilənin imzalanmasına qədərki danışıqlarda həll edilməsi məqsədəuyğundur.

6. Royalti və onun miqdarının hesablanması

Əqli mülkiyyət obyektindən istifadəyə görə haqq (royalti) və onun hesablanma qaydası lisenziyada göstərilməlidir. Royaltinin fix (standart) və ya proqramdan əldə edilən xalis gəlirin faizi həcmində müəyyən etmək olar. Sonuncunun məbləğinin müəyyən edilməsi lisenziya verən üçün çətinliklər törədə, lisenziya alanın həmin məbləği olduğu kimi açıqlamamaq niyyəti ola bilər. Bu baxımdan proqramın növündən və lisenziya verənin nəzarət mexanizmindən asılı olaraq royaltinin hesablanması 2 üsulla da həyata keçirilə bilər.

7. Vergi

Xaricdən alınan proqram təminatları üçün ödəniş edilərkən istifadə haqqının – royaltinin və gəlir vergisinin hesablanması da maliyyə əməliyyatlarında əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası ilə bir sıra dövlətlər arasında ikiqat vergi tutmanın qarşısının alınması üçün müqavilələr imzalanmışdır (Əqli mülkiyyətə dair vergi əməliyyatları barədə əvvəlki bloq yazısından tanış ola bilərsiniz, link burada: https://tutuip.law.blog/2023/03/26/%c9%99qli-mulkiyy%c9%99t-obyektl%c9%99rind%c9%99n-istifad%c9%99-v%c9%99-vergi-m%c9%99s%c9%99l%c9%99l%c9%99ri-royalti/)

8. Hüquq seçimi

Xaricdən alınan komputer proqramları ilə bağlı hüquq seçiminə də xüsusi diqqət edilməlidir. Burada 3 seçim imkanınız var:

  1. Bütöv lisenziya müqaviləsinə tətbiq etmək üçün üçüncü dövlətin hüququnun seçilməsi;
  2. Lisenziya verənin müəlliflik hüququ ilə bağlı qanunvericiliyinin yalnız istifadə ilə bağlı şərtlərə tətbiq edilməsi, digər məsələlərin isə üçüncü dövlətin qanunvericiliyi ilə tənzimlənməsi və ya;
  3. İstifadə ilə bağlı şərtlərə lisenziya verənin ölkəsinin hüququnun tətbiq edilməsi, digər bəndlərə isə lisenziya alanın ölkəsinin qanunvericiliyinin tətbiq edilməsi.

9. Mübahisələrin həlli

Proqramın istifadəsindən yaranan hər hansı hüquqi mübahisənin həlli üçün bu sahədə ixtisaslaşmış ekspertə, mediasiyaya, arbitraja və ya məhkəməyə müraciət ediləcəyi barədə bəndlər əlavə edilə bilər. ÜƏMT-in təcrübəsində adətən əqli mülkiyyətlə bağlı mübahisələr yuxarıda sadalanan ilk 3 üsuldan istifadə edilməklə nizama salınır. ÜƏMT mediasiya və arbitraj qaydalarına əsasən, mediasiya və arbitraj prosesləri onlayn formatda həyata keçirilə bilər. Bu baxımdan Tərəflər mübahisələrin həlli üsulu olaraq Arbitraj mərkəzləri (Sinqapur, Stokholm, London, İstanbul və s.) ilə yanaşı ÜƏMT prosedurlarına da müracət edə bilərlər.

    Yuxarıda qeyd edilənlərlə yanaşı lisenziyanın digər bəndləri barədə də bəhs etmək olardı: məsələn proqram təminatından istifadənin öyrədilməsi məqsədilə lisenziya alan şəxsin işçilərinə mütəmadi təlimlərin keçirilməsi, proqramın vaxtaşırı olaraq təkmilləşdirilməsi öhdəliyinin lisenziya verən şəxsin öhdəliyi olaraq müəyyən edilməsi, proqram funksiyalarının  genişləndirilməsi üçün açıqlanan databazalarının konfidensiallığının təmin edilməsi və s. Bu baxımdan yuxarıda qeyd edilən məsələlərlə yanaşı proqramın növündən asılı olaraq digər əlavə tənzimləməyə də yer verə bilərsiniz.

Vaxtınızı ayırıb oxuduğunuz üçün təşəkkürlər 🙂

Bir şərh yazın