Bioetika və patent qarşıdurması: “Faydalı” siçan

Bioetika və patent qarşıdurması: “Faydalı” siçan

Bəhs edəcəyim mövzuya keçid etməzdən öncə anlayış formalaşdırmaq naminə fəlsəfə cərəyanlardan biri olan “faydaçılıq – utilitaryanizmin nə olduğunu izah etmək istəyirəm. Buna səbəb haqqında düşündüyüm, nəzəri və təcrübi cəhətdən məni maraqlandıran bir hüquqi kateqoriyanın kökünün fəlsəfi cərəyana bağlı olmasıdır.

Faydaçılıq nədir? Terminin yaranması filosof Jeremy Benthama bağlıdır, bununla belə əqli mülkiyyət hüququnda sıx-sıx qarşılaşdığımız və bir çox hüquqi institutları dərk etmək üçün istinad etdiyimiz bir anlayışdır. Faydaçılıq ictimai münasibətlər sistemində bir çox hüquqi, sosial, etik aspektlərdə özünü göstərir. Məsələn, hər hansı hüquq norması müəyyən bir problemi, münasibətlərdə yaranmış ziddiyyətləri həll etməyə yönəlik olmalıdır, geniş kütləyə xitab etməlidir, işlək olmalıdır və s. Sosial münasibətlər sistemində ailə modeli ənənəvi qəbul edilmiş funksiyasına uyğun fəaliyyət göstərdikdə, nəsil artırmaq, uşaqları böyüdüb-təhsil vermək, onların sağlamlığının qayğısına qalmaq və s. Göründüyü kimi, geniş mənada faydaçılıq cəmiyyətin böyük seqmentinə xidmət edən hər hansı kateqoriyanı şərtləndirir.

Bəhs etdiyim utilitaryanlıq patent hüququnda “qırmızı xətt” olaraq keçən, ixtiranın patent qabiliyyəti şərtlərində nəzərdə tutulan meyardır. Məlumat üçün bildirim ki, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa görə, yeni, ixtira səviyyəli olan (bəlli olmayan) və sənayedə tətbiq edilə bilən (faydalı) ixtira obyektinə hüquqi mühafizə verilir. Qanunun qeyd edilən müddəasından belə başa düşmək olar ki, sənayedə tətbiq edilə bilən eyni zamanda faydalı olmaq deməkdir. İxtiranın sənayedə tətbiq edilə bilən kriteriyası əksər dünya dövlətlərinin qanunvericiliyində və əqli mülkiyyətin beynəlxalq hüquqi tənzimlənməsinə dair beynəlxalq müqavilələrdə nəzərdə tutulan şərtdir. Bununla belə sinonim olaraq faydalı olmaq şərtindən qaçınılır. Məsələn, Avropa Patent Konvensiyasında, TRİPS Sazişində bu meyar nəzərdə tutulmayıb. Ümumiyyətlə, patent hüququnda faydalılıq kriteriyasının necə başa düşülməsi və iddia edilən obyektə münasibətdə necə tətbiq edilməsi bir çox hallarda müzakirə mövzusuna çevrilir. Buna bir sıra hüquqi və texniki amillər təsir edir.

  1. Azərbaycan Respublikasının qanunvericiliyi

Faydalılıq şərtinin tətbiqi ixtiranın canlı və cansız olmasından asılı olaraq fərqlənir. Məsələn, yuxarıda “Patent haqqında” AR-nın Qanunundan verdiyimiz çıxarış predmeti cansız varlıqlar (məhsul, üsul, qurğu) olan ixtiralara dair tələblərdən biridir.

Digər tərəfdən Azərbaycan Respublikasında yeni bitki və heyvan sortları, daha dəqiq desək, seleksiya nailiyyətləri də ixtira hesab edilir və patentləşdirilir. “Seleksiya nailiyyətləri haqqında” Qanun isə sadalanan canlı varlıqların patent qabiliyyəti şərtlərini nəzərdə tutur, maraqlıdır ki, həmin şərtlər sırasında faydalılıq təsbit edilməyib. Bununla belə həmin Qanunda seleksiya nailiyyətinə “cəmiyyət üçün faydalı” sort olaraq anlayış verilmişdir.

Ümumiyyətlə, nəzəriyyədə və təcrübədə faydalılıq şərtinin tətbiqi yursidiksiyadan asılı olaraq case-by-case həll edilə bilən məsələdir. Bəzən elə ola bilər ki, faydalılıq şərti patent qanunvericiliyində nəzərdə tutulan istisna norma ilə toqquşa bilər. Bu ixtiranın “public ordre” yəni ictimai qaydaya zidd olması halında onun istifadəsinin qadağan edilməsi ilə bağlıdır. Belə ki, kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və sağlamlıqlarına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsi patentlə mühafizə edilmir və onun istifadəsi qadağandır. Bu normadan başa düşmək olar ki, hətta ixtira faydalı və ya sənayenin hər hansı sahəsində tətbiq edilə bilən olsa da, ictimai qaydaya zidd olduğu hallarda patent hüquqi mühafizədən kənarda qalır.

  • Avropa İttifaqının qanunvericiliyi və təcrübəsi

   Söhbət canlı orqanizmlərin patentləşdirilməsindən gedirsə, məsələ bir qədər qəlizləşir. Daha aydın təsəvvür formalaşdırmaq üçün Avropa Ədalət Məhkəməsinin ayrı-ayrı vaxtlarda baxdığı və iki fərqli nəticəyə gəldiyi mübahisələrə nəzər yetirək.

  1. Oncomouse işi

Harvard Universiteti Tibb Məktəbi genetik modifikasiya edilmiş siçana patentin alınması üçün bir neçə yurisdiksiyada yerləşən (ABŞ, Kanada, Avropa İttifaqı) patent ofisinə müraciət etmişdi. GMO siçan üzərində xərçəng hüceyrələrinin inkişafını izləmək üçün təqdiqatların aparılması planlaşdırılmışdı. ABŞ Patent Ofisi tərəfindən Harvard Universitetinin sözügedən patent tələbi təmin edildi. Patent Ofisinin xüsusilə diqqət etdiyi nüanslardan biri patentin alınmasına dair ərizədə iddianın, daha dəqiq desək patentin predmetinin dolğun tərif edilməsi idi: “…transgen qeyri-insan məməli” ifadəsini vurğulamaqla Harvard bu ixtiranın insanlara xidmət etsə də, sonunda bir heyvan növü üçün iddia edildiyini Patent Ofisinin diqqətinə çatdırdı.

       Avropa Patent Ofisi (bundan sonra APO) eyni iddia ilə bağlı fərqli mövqe sərgilədi, belə ki, APO-nun mövqeyi sözügedən tələbə Avropa Patent Konvensiyasının 53-cü maddəsinin b bəndində təsbit edilən istisnadan yanaşdı. Müvafiq Konvensiya heyvan növlərinin patentləşdirilməsinə qadağa qoysa da, heyvanlara bu istisna şamil edilmir, yəni İttifaq ərazisində heyavnlar patentin obyekti ola bilərlər. Bu istisnadan yola çıxan APO utilitar tarazlıq (utilitarian balancing) testini inkişaf etdirdi. Bu test vasitəsilə sanki bir nəsnənin gətirə biləcəyi həm müsbət, həm də mənfi təsirləri müqayisə edilir, “tərəzidə” daha ağır gələninə uyğun olaraq iddia obyektinin dair qərar qəbul edilir.

Oncomouse siçanı nümunəsində siçan tibbi təqdiqatlarda istifadə edilərkən cismani ağrılara məruz qala bilərdi, bunu Universitet belə inkar etmirdi. Lakin qeyd edilən testin tətbiqi onun tibbə, bütövlükdə bəşəriyyətə verə biləcəyi faydalarla müqayisə qat-qat azdır. Balanslaşdırma testində canlı orqanizmin patentləşdirildiyi halda onun doğura biləcəyi ekoloji risklər (məsələn, nəsli kəsilməkdə olan növün geninin dəyişilməsi halında onun ilkin DNT-sinin yoxa çıxması və s) və ya ictimai narahatlıq (public unease) kimi digər mülahizələr də nəzərə alına bilər. İctimai mülahizə olaraq konkret keizdə Avropa mədəniyyətində xərçəng tədqiqatında siçanların istifadəsinə mənəvi cəhətdən mənfi münasibət göstərən heç bir sübutun olmaması da testin tətbiq dairəsini, xüsusilə obyekti canlı orqanizmlər olan ixtiraların faydalılıq ekspertizası keçirilən zaman sürətləndirdi.

UpJohn siçanı

    Utilitar balans testi APO tərəfindən 1992-ci ildə Upjohn işində də tətbiq edildi. Transgen və tükləri tökülmüş siçandan insanlarda saç tökülməsini müalicə etmək üçün məhsulların sınaqdan keçirilməsi üçün istifadəsi nəzərdə tutulmuşdu. EPO yenə siçanın patentləşdiriliyi halda gətirə biləcəyi fayda (saç tökülməsini müalicə etmək üçün tədqiqatda faydalılıq) ilə mümkün zərəri (siçanlara cismani ağrıların yaşadılması) qiymətləndirdi, sonuncunun birincidən üstün olduğu qənaətinə gəldi. Nəticə etibarilə ixtiranın (siçanın) istifadəsi ictimai əxlaqa zidd idi.

     Hər iki keiz bir-birinə xeyli oxşar, tətbiq edilən utilitar test eyni olsa da, gəlinən nəticə fərqli idi. Bu zaman sual yarana bilər ki, testin nəticəsi ixtiranın faydalılıq əmsalını ölçməkdən daha çox onun yan təsirlərini də müəyyən etməkdən ibarətdir. Bəs bu testin tətbiqi bizə ixtiranın şərtlərindən biri olan faydalılıq kriteriyasını hərtərəfli başa düşməyə imkan verirmi? Doğrusu, məndə sual yaradan məqamlardan biri hər iki keizdə siçanın ictimai mənfəətə xidmət etməsi, xəstəliyin müalicəsi məqsədilə tədqiqatlarda istifadə etmək idi. Bununla belə sonuncu işdə gəlinən nəticə siçanın verəcəyi faydadan daha çox ona zərər yetirilməsi ilə bağlı olmuşdu.

Bəs faydalılığın ölçülə bilən meyarı – az və ya çox faydalılıq varmı?

İstifadə edilmiş mənbələr:

  1. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəsmi qəzeti. Burada bax: https://www.wipo.int/wipo_magazine/en/2006/03/article_0006.html

2. “Patent haqqında” Azərbaycan Respublikasının Qanunu

3. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu

4. TRİPS Sazişi, Avropa Patent Konvensiyası

Bir şərh yazın