
Bu dəfə əqli mülkiyyət hüququndan uzaqlaşıb korporativ hüquq çərçivəsində müzakirə edilən komplayensdən bəhs edəcəm. Bu yazının məqsədi komplayens haqqında ümumi təsəvvür formalaşdırmaqdan və hüquq mədəniyyəti ilə qarşılıqlı əlaqəsini müəyyən etməkdən ibarətdir (Məlumatlar isə onlayn kursdan öyrəndiklərim, həmçinin araşdırdığım bir neçə mənbənin kombinasiyasından ibarət olacaq).
Komplayensə Azərbaycan Respublikasının qanunvericiliyində leqal analayış bu formada verilib: “Komplayens riski – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi sahəsində olan hüquqi aktlara, o cümlədən nəzarət orqanının və maliyyə monitorinqi orqanının tələblərinə riayət edilməməsi nəticəsində yaranan hüquqi risk”dir. Göründüyü kimi komplayens risklərinin daha çox aktual olduğu seqment maliyyə sahələridir: sığorta, bank, bank olmayan kredit təşkilatları, qiymətli kağızlar bazarı, klirinq təşkilatları və digər maliyyə institutlarının komplayens riskləri ilə üzləşməsi qaçılmazdır. Bununla belə mülki hüquq münasibətlərinin digər subyektləri də komplayens riski ilə üzləşə bilər. (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 30.01.2019-cu il tarixli 1951100003 saylı “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında Qərarın 3.1.4.4-cü bəndi, ətraflı burada bax: https://e-qanun.az/framework/41441 ).
Azərbaycan Respublikasının qanunvericiliyində komplayens hüquqi risk olaraq qiymətləndirildiyi halda, Anqlo-sakson hüquq sistemində komplayens hüququn bir sahəsi olaraq öyrənilir. Belə ki, komplayens hüququ dedikdə bir təşkilat daxilində hüquq normalarının və təşkilat daxili qaydaların işçilər və digər şəxslər tərəfindən təmin edilməsini nəzərdə tutan proses başa düşülür (https://core.ac.uk/download/pdf/323915615.pdf, David Orozco, A Systems Theory of Compliance Law, U. of Pennsylvanıa Journal of Busıness Law, Vol. 22:2, 2020, s.250-251)
Komplayens barədə onlayn kursdan öyrəndiyim qədərilə komplayens korporativ idarəetmənin tərkib hissəsi kimi koprorativ idarəetmə və korporativ mədəniyyətlə inkorporasiyasıdır. Komplayens müəyyən hüquq normaları, qaydalar və standartlar məcmusunu müəyyən edən formal sistem olub, həmin sistem altsistemlərinə necə riayət edib-etməməkdən bəhs edir. Bu kontekstdə komplayens stratejik əhəmiyyətə malikdir. Bəs bu hansı formada realizə olunur? Əksər dövlətlərdə maliyyə bazarlarının fəaliyyəti qanunlarla yanaşı maliyyə bazarları tənzimləyicisinin qərarları ilə də tənzimlənir. Bu qərarlar maliyyə bazarları iştirakçılarının fəaliyyətinin daha şəffaflaşdırılması, onları terrorçuluğun və digər qanunsuz əməllərin iştirakçısına çevirməkdən mühafizə edir. Bu qərarların mövcudluğu hələ maliyyə bazarlarının iştirakçılarını riskləri azaltmaqda kifayət etmir. Subyektlər bunun üçün özlərinin daxili nəzarət mexanizlərini formalaşdırmalıdırlar. Məsələn, ABŞ-da xüsusi komplayens proqramlarının tətbiqi investitisya xidmətləri göstərən şirkətlər üçün məcburi tələbdir, belə proqramların yoxluğu şirkətin sanksiyaya məruz qalmasına səbəb ola bilər. Azərbaycanda isə komplayens risklərinin idarə edilməsi banklar üçün məcburi tələblər siyahısındadır. Belə ki, bankların üzləşdiyi risklər müxtəlif olub, vergi riski, strateji risk, biznes riski, tənzimləyici risk, model riski və nüfuz riski ilə yanaşı komplayens riskini də ehtiva edir (http://dspace.khazar.org/bitstream/20.500.12323/5946/1/Bank%20riskl%C9%99ri%20v%C9%99%20onlar%C4%B1%20yaradan%20amill%C9%99rin%20t%C9%99dqiqat%C4%B1.pdf, s.36). Qeyd edilən risklərin çoxluğu banklarda risklərin idarə edilməsi siyasətinin formalaşmasına səbəb olub: ikinci müdafiə xətti adlandırılan siyasəti isə bankda risklərin idarə edilməsi, hüquqi və komplayens risklərinin idarə edilməsi fuksiyasını həyata keçirən struktur bölmələr həyata keçirir. Hüquqi və komplayens risklərinin idarə edilməsi funksiyasını həyata keçirən bölmə bankın fəaliyyətinin hüquqi və tənzimləmə tələblərinə uyğunluğuna nəzarət edir, habelə hüquqi və komplayens risklərinin idarə edilməsi üçün siyasət və prosedurları hazırlayır (“Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 30.01.2019-cu il tarixli, 1951100003 saylı Qərarı, bənd 6.1.2.2).
Komplayens bu mənada bəzən bazar iştirakçıların məqsədindən uzaqlaşdıran bir vasitə olaraq tanımlanır. Sərt nəzarət mexanizmi kimi komplayens profilaktiki əhəmiyyətə malidkir, o, bazar iştirakçısını hüquq pozuntusu törətməkdən və onun labüd icraçısına çevirməkdən xilas edir və ya bu riski azaldır. Bu nöqtədə komplayens, hüquq və etika birlikdə fəaliyyət göstərir: şirkət daxili korporativ mədəniyyət və etik davranış qaydaları komplayens risklərinin də azaldılmasına təsir edir. Təsadüfi deyil ki, xarici təcrübədə Etika və Komplayens mütəxəssisləri bu işin öhdəsindən gəlməyə çalışırlar (https://core.ac.uk/download/pdf/70375707.pdf, s.942). Nəticə etibarilə komplayens kollektivin təkcə hüquq normalarını bilməsi ilə məhdudlaşmır, korporativ mədəniyyət də komplayens riskləri mübarizədə lokomotiv rolunu oynayır.

Korporativ mədəniyyət isə hüquq və etika qaydalarına riayət etəyi tələb edir. Bu aspektdə marjinal və konformist davranış qaydalarından ziyadə sosial-fəal hüquqi mədəniyyətin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Hər iki davranış forması hüquqauyğdur, lakin bu daxili nizamın və hüquq normalarına hörmət ruhunun xarici formasıdır, konformist davranışda bu subyektin kollektivə uyğunlaşmaq cəhdidir, marjinal davranışda isə sanksiyaya məruz qalmamaq cəhdlərinin nəticəsidir (https://www.pa.edu.az/library/3/25/202_movzu_9._huquqauygun_davranish_huquq_pozuntusu_huquqi_mesuliyyet..pdf, 8).
Hər nə qədər komplayens hüquqi risk olaraq qiymətləndirilsə də, təkcə hüquq normalarının pozuntusunu deyil, eləcə də etik davranış qaydalarının pozuntusu ilə də şərtlənə bilər. Komplayens risklərinin idarə edilməsi üçün müəssisə daxili intizam və davranış kodekslərinə yenidən baxmaq, işçilərin mütəmadi olaraq savadlılığının artırılması üçün təlimlərə göndərilməsi zəruridir.