
Bu gün bloqumun 1 yaşı tamam olur. 1 il bundan öncə ilk yazımı yayımlayaraq özümə 8 Mart hədiyyəsi etmişdim. Düşündüm ki, bu gün – 8 Mart üçün elə qadınlardan yazım.
Çoxumuz elmdə, texnologiyada kişilərin daha çox ixtiraya sahib olduğunu düşünürük. Lakin “Qadınların ixtiraçılığı aclığı və soyuğu hiss etmək qədər qədimdir” deyən Danimarkanın Qadınlar Muzeyinin Direktoru Jette Sandah haqlıdır. Çünki tarixin səhifələrini vərəqlədikcə qarşıma gözlədiyimdən daha çox qadın ixtiraçılar çıxdı. Gəlin onlardan bir neçəsini bu kiçicik yazımda Sizlərlə tanış edim.
Alimlər Misirli Hypatia-nı (e.ə IV əsr) tarixin ilk ixtiraçı qadını hesab edirlər. O, hidrometrin (havada rütubətin səviyyəsini ölçmək üçün cihaz) və astrolabın (yerin modelini əks etdirən qurğu) ixtiraçısı hesab olunur. (Haqqında çəkilmiş film isə sadəcə möhtəşəmdir- “Agora”)
Qadınların ixtiraları həm özlərinin, həm də kişilərin işini asanlaşdırıb. Belə ki, Josephine Cochran 1872-ci ildə qabyuyan maşını ixtira edib.
Mary Anderson isə avtomobillərin ön şüşələrinin qar, yağış yağan zaman silinməsini təmin edən ixtiraçısıdır. Lakin onun bu ideyası insanlar tərəfindən rəğbətlə qarşılanmadı, səbəb şüşəsilənin sürücülərin diqqətini dağıtması idi.
Marion Donovan 1972-ci ildə uşaq bezlərini yaradıb. O dövr üçün istehsalı baha başa gəldiyindən istehsalçı şirkətlər tərəfindən rədd edilir, sonradan öz şirkətini quraraq onu 1 milyona satır.
Hollivud aktrisası Hedy Lamarr isə torpedonun ixtiraçısı kimi tarixə düşüb.
Siyahını uzadıb daha çox qadın ixtiraçının adını yazmaq olardı. Lakin məni düşündürən bir məqam oldu: illərlə qadınlar yeni ixtiralar ərsəyə gətirsələr də, onlar ixtiraçı olaraq tanına bilməyiblər, bu hüquq onların həyat yoldaşlarına məxsus olub. Kim bilir, tarixin qaranlıq səhifələrində neçə dahi, intellektli, ixtiraçı qadının adı gizlənir. Bir gün onların və daha neçə istedadı gizli olan qadınların gün işığına çıxması diləyilə….
BAYRAMINIZ MÜBARƏK!
Mənbə: