
Məni tanıyanlar retro musiqi aşiqi olduğumu bilirlər. Xüsusilə də həvəskar kimi (amateur) bir mahnını bir neçə müğənninin səsində dinləyib analiz etmək mənə yeni səslər kəşf etməmə vəsilə olur. Hüquq tələbəsi olduqdan sonra ixtisasımdan irəli gələn xüsusiyyətdən yoxsa milli incəsənətini, mədəni incilərini qoruyan vətənpərvərlik hissiyyatımdan dolayımı musiqiləri dinlədikcə daha fərqli aspektdən yanaşıram. Musiqiləri əvvəllər yalnız hisslərimlə dinləsəm və duyğularımla yanaşsam da artıq məntiqi yanaşmalarla da dinləyirəm. Onlardan birini seçib məhz hüquqi cəhətdən aydınlıq gətirməyi və bəlkə də kimlərinsə gözündən qaçmış olan məqamı nəzərinizə çatdırmaq istədim.
Bu yazıda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa nəzər salınacaq, Türkiyə qanunvericiliyi ilə milli qanunvericilik müqayisə ediləcək, milli mahnımızın türk müğənnisinin repertuarında plagiat olub-olmamasına toxunulacaqdır.
1971-ci ilin sonunda bəstəkar Ramiz Mirişli Şövkət Ələkbərovaya onun şair dostu İslam Səfərlinin sözlərinə yazılan bir mahnı göstərir. Söhbət “Bir könül sındırmışam” mahnısından gedir. Əsər Şövkət xanımın xoşuna gəlir, 1972-ci ilin mayında açıqlanır və ictimaiyyətə təqdim olunur. 1970-ci illər estradasının ən spesifik dəyərlərini əks etdirən bu musiqi müğənnilərin ən çox müraciət etdiyi retro musiqilər sırasındadır. Sonradan mahnı dərc edilir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR-nın Qanununun 4-cü maddəsində verilən anlayışa əsasən, “dərc edilmə ” (istifadəyə buraxılma) dedikdə əsərin müəllifinin və ya fonoqram istehsalçısının razılığı ilə əsərin elektron-informasiya sistemləri vasitəsi ilə əsərdən və fonoqramdan istifadəyə imkan yaradılması nəzərdə tutulur.
Ramiz Mirişli öz müsahibəsində bu mahnının yaranma tarixçəsini danışarkən mətnin orijinalı ilə onun bəstələdiyi mahnıda dəyişiklik olduğunu vurğulamışdır. Mətnin orijinalında “Bir şüşə sındırmışam” misraları olsa da, sonradan İslam Səfərli Ramiz bəylə məsləhətləşmədən sonra mətnində özü müəyyən dəyişikliklər edərək “şüşə” sözünü “könül” sözü ilə əvəzləmişdir. Ramiz Mirişli onu bəstələyəndə şair Moskvada ezamiyyətdə olduğundan bundan xəbəri olmamış, qayıtdıqdan sonra mahnını eşitmiş, bu mahnını özü də bəyənmişdir. Maraqlı məqamlardan biri də odur ki, mətndə olmayan digər bir söz bu dəfə müəllifin-əsərin yaradıcısı olan şəxs tərəfindən deyil, Şövkət Ələkbərova tərəfindən oxuyarkən əlavə edilmişdir. Mətnin nəqarət hissəsi orijinalda “Ay ellər, dünən axşam, dünən axşam” olsa da, Şövkət xanım oxuyarkən “Ay ellər, dünən axşam, dünən axşam çağı” kimi oxumuşdur. Əslində Ramiz bəy 2 hecaya ehtiyac olduğunu İslam bəyə bildirsə də, müəllif mətnin korlanacağını düşünmüş, qəti şəkildə əlavə etməməyi tapşırmışdı. Bu günədək fondda saxlanılan həmin yazı Şövkət xanım oxuduğu kimi saxlanılır. Bədii Şura tərəfindən sözə baxanlar bunu qəbahət saymış və yenidən oxumağını istəsələr də, Şövkət xanım inad edərək oxumamışdır. Bundan sonra müəlliflə icazə üçün telefon əlaqəsi yaradılmış və müəllif də cavabında: “O, Şövkət xanımdır, Şövkət xanıma istənilən şeiri qurban vermək olar” demişdir. Şövkət xanıma inam və hörmət əlaməti olaraq bir söz demədilər. O gündən bu günədək fondda saxlanılan həmin yazıda da Şövkət xanım oxuduğu kimi saxlanılır.
Şövkət xanımdan sonra, 1973-cü il bu mahnıya müraciət edən kişi ifaçı və yeganə orijinal mətni oxuyan ifaçı Rauf Adıgözəlov olmuşdur.
Ümumiyyətlə, 70-ci illər estradasının ən spesifik dəyərlərini əks etdirən bu musiqi müğənnilərin ən çox müraciət etdiyi retro musiqilər sırasındadır. Sonradan bu musiqinin sədaları qardaş ölkədən – Türkiyədən gəldi. Neşe Karaböcek kimi tanınan Neşecan Göktürk 1982-ci ildə “Yedi Renk” albomunda “Kabahatim büyüktür” adı altında mahnını dərc etdirir. Musiqi olduğu kimi saxlansa da, mətndə sözlər təhrif olmuşdur. Mahnıda “qaranquş” sözü “bir könül quşu” ilə əvəzlənmiş, yeni bənd əlavə olunmuş, nəqarətdə də sözlərdə dəyişikliklər olmuşdur. Üzücü tərəfi odur ki, bu dəyişikliklər müəllifin xəbəri olmadan edilmişdir. Çünki müəllif 8 il öncə-1974-cü ildə artıq dünyasını dəyişmişdir. Lakin ifa o qədər cəlbedici və möhtəşəm oxunmuşdur ki, onun sözlərindəki dəyişikliklər musiqi dünyasını maraqlandırmamışdır. Bəzi Şövkət xanım pərəstişkarları “Bu Azərbaycan mahnısıdır”, “Heç olmasa, sözləri dəyişməzdi” deyərək qınasa da, mahnını bəyənənlər və yeni rəng qatdığını düşünənlər də az olmadı. “Musiqidə dəyişiklik olmamışdır” deyə Ramiz bəy narazı olmamış, əksinə onun repertuarına müraciət etdiyi üçün təşəkkür etmək istədiyini bildirmişdir. Üstündən illər keçmiş və buna heç bir hüquqi münasibət bildirilməmişdir.
2012-ci ildə Türkiyənin digər məşhur müğənnisi Sibel Can “Meşk” adlı albomunda “Kabahatim büyüktür” mahnısını dərc etdi. O da mahnıya öz dəstxəttini əlavə etmiş və mahnını yenidən məşhurlaşdırmışdır. Bu dəfə də mahnı öz orijinalından fərqlənirdi. O, mahnını Neşe Karaböcek dəyişdirdiyi kimi oxunmuşdur. Dəyişdirildiyi kimi oxunduğu üçün dinləyicilər lehinə və əlehinə olmaqla 2 qrupa bölünmüşdülər.
İndi isə mahnı üzərində müəlliflik hüququnun pozulub-pozulmadığına aydınlıq gətirməyə çalışaq. Adı çəkilən Qanunun 3-cü maddəsində qanunun tətbiq dairəsi göstərilmişdir. Belə ki, bu qanun nəinki Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) incəsənət əsərləri və ya fonoqramlar, hətta Azərbaycan Respublikası ərazisində ilk dəfə edilmiş ifalar, yaxud qorunan fonoqrama yazılmış ifalara aiddir. Mahnının orijinalı 3 dəyərli şəxsiyyət: Ramiz Mirişli, İslam Səfərli və Şövkət Ələkbərovaya məxsusdur. Dəyişikliklər sözlərlə bağlı olduğundan burada hüququ pozulan şəxs məhz İslam Səfərlidir. Vəfat etmiş olduğundan onun hüquqlarının müdafiəsini vərəsələri həyata keçirə bilər. Lakin müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir. Bəs onun hələ də müəlliflik hüququ qüvvədədirmi? Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Yəni bu günə qədər onun müəlliflik hüququ qüvvədədir. Şəxsi hüquqların qorunması isə müddətsizdir. Qanunun 14-cü maddəsinə əsasən, əsərin müəllifinin şəxsi (qeyri-əmlak) hüquqlarından biri olan əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ) vardır. Bu hüquqların qorunmasına zaman məhdudiyyəti qoyulmur. Vəfat etmiş müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını da həyata keçirə bilərlər. Lakin bununla bağlı araşdırmalarda İslam bəyin ailəsi tərəfdən onun hüquqlarının müdafiəsi ilə bağlı məlumat əldə edə bilmədim. Görünür onlar da səsin təsirində qalıblar. Hər halda öz subyektiv fikirlərimə gəldikdə, düşünürəm ki, bu müəllifə qarşı hörmətsizlikdir. Digər bir məsələ efirlərdə səslənərkən, canlı ifa olunarkən müəlliflərinin adlarının çəkilməsi daha məqsədəuyğun olar. Çəkilməməsini plagiat kimi qiymətləndirirəm. Türkiyə qanunvericiliyinə istinadən müəllif hüquqları təcəssüm olunduğu materialdan ayrıca və müstəqil mövcudluğa və hüquqi dəyərə malikdir. Türkiyə qanunlarına görə ərazi prinsipi müəllif hüquqlarına şamil edilir. Əsər hansı ölkədə mühafizə olunursa, mühafizə şərtləri də həmin ölkənin qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Müəlliflik hüquqları Türkiyədə 1951-ci ildə qəbul olunmuş “5846 saylı Əqli və Bədii Əsərlər haqqında” qanunla tənzimlənir. Türk qanunvericiliyi ilə milli qanunvericilikdə oxşarlıqlar da mövcuddur. Məsələn, bədii əsərlər 70 il ərzində müəlliflik hüququ ilə qorunur. 5846 saylı Qanunda müəllif hüquqları maddi və mənəvi hüquqlar şəklində təsbit edilmişdir. Müəllifin mənəvi hüquqlardan biri də əsərə dəyişikliklərin edilməsini qadağan etmək səlahiyyətidir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR-nın Qanununda da müəllifin hüquqları əmlak və qeyri-əmlak hüquqları olaraq bölünmüşdür.
Bəstəkar Aygün Səmədzadə adıçəkilən mahnı ilə bağlı öz müsahibəsində bildirib:
“Tut ağacı” mahnısını bir neçə il bundan öncə Sibel Can oxumaq istədi. Amma mahnının sözlərində dəyişiklik ediləcəyini söylədi. Buna görə də mən mahnımın bu cür təhrif olunmasına razılıq vermədim. Onunla iş birliyimiz alınmadı. Düşündüm ki, mahnı 10 ildən artıq məşhurdur, onu dəyişməyə ehtiyac yoxdur, çünki biz türk mahnıları oxuyarkən mahnıların sözlərini dəyişmirik. Əgər türklərlə eyni dildə danışırıqsa, mahnını da yazıldığı dildə oxumaq olar.”
Buradan da görünür ki, sahibi olan mahnılar öz tərkibini qoruyub saxlaya bilir. Lakin bu o demək deyildir ki, vəfat etmiş müəllifə məxsus mətni dəyişmək mümkündür. O da xalqın şairidir. Sahiblənmək də bizim borcumuzdur. Düşünmürəm ki, İslam bəy sağ olsaydı, bu şeirinin son halını bu vəziyyətdə görüb müsbət qarşılayardı. İki hecanın sözə əlavə olunmasına sağlığında qəti etiraz edən biri kimi…..
Müəllif: Elmira Sadıqzadə (BDU, Hüquq fakültəsinin I kurs tələbəsi)
İstinadlar:
- https://sozmusiqi.wordpress.com/az/composer/ramiz-mirishli/1konul-sindirmisam/
- https://news.milli.az/culture/175788.html
- https://www.telifhaklari.gov.tr/Telif-Hakki-Nedir
- “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu
- 5846 sayılı Fikir ve Sanat Eserleri Kanunu(FSEK)